Azərbaycanda VİP turizm inkişaf edir. Son zamanlar ölkəmizə gələn müxtəlif sahələrdən olan məhşur simaların istirahət zamanı paylaşdığı şəkillər və ölkəmiz haqqında yazdığı şərhlər bunu deməyə əsas verir. Elə bu günlərdə Azərbaycana gələn məhşur futbolçu Zlatan İbrahimoviçin səfərinin əsas məqsədi də elə istirahət olub
ANS TV-nin məlumatına görə, Heydər Əliyev beynəxalq hava limanında çəkilən videogörüntüdən aydın olur ki, İbra Azərbaycana səfərini başa vurub. İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan qeyri-rəsmi səfərini qolf oynamağa gəlməsi ilə izah etsə də, sosial şəbəkələrdə yayılan bu foto başqa mətləblərdən xəbər verir.
Şəkildə İbrahimoviçin dağ keçisi ovladığı görünür. Daha bir fotoda isə kabab qonaqlığı... İsmayıllıda çəkilən bu şəkildə nuş edilən deyə bilmərik həmin ovlanan dağ keçisidir, amma mətbuat Zlatanın ölkəmizə ov üçün gəldiyini yazıb. İbranı Bakıya dəvət edən şəxslərin məşhur ov həvəskarları olması da təsadüfi deyil. Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubunun rəhbərlərindən olan Faiq Babanlı mətbuata açıqlayıb ki, İbrahimoviçin dəvət edilməsinin məqsədi ölkəmizlə tanışlıq olub.
Azərbaycanda VİP turizmin tərkib hissəsi sayılan ovçuluq geniş yayılmaqdadır. Ölkənin təbiəti ovçuluğa imkan verir. Azərbaycanda ov etmək bir çox tanınmışların, o cümlədən zəngin ərəblərin diqqət mərkəzindədir. Bir müddət əvvəl Dubay şahzadəsi və əmirinin, Qatar şeyxlərinin Azərbaycanda ov quşları ilə ova çıxdığı məlum olmuşdu. Mətbuat zənginlərin əsasən qadağan olunmuş heyvan və quşların ovladığını yazmışdı/anspress/