Azərbaycanda milli reytinq agentlikləri yaradıla bilər.
Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, kredit risklərinin idarə olunması üçün istifadə olunan daha qabaqcıl alətlərdən biri şirkətlərə verilən kredit reytinqidir. Kredit reytinqlərindən qiymətli kağızların emitentləri, investisiya strategiyasının müəyyənləşdirilməsi zamanı fərdi və institusional investorlar, habelə tənzimləmə və nəzarət məqsədilə aidiyyəti qurumlar faydalanırlar. Belə ki, fərdi reytinq əsasında kredit riskinin qiymətləndirilməsi kapital və ehtiyatlanma tələblərinin daha dəqiq müəyyən olunmasına imkan verir. Bu da ayrı-ayrı maliyyə institutlarının və bank sektorunun maliyyə dayanıqlılığının və rəqabət qabiliyyətinin artırılmasına, resursların daha səmərəli istifadəsinə zəmin yaradır. Milli reytinq agentliklərinin olmaması ilə əlaqədar bu xidmətlər yalnız beynəlxalq reytinq agentlikləri tərəfindən göstərilir. Nəticədə, az sayda iri şirkət qeyd edilmiş xidmətlərə çıxış əldə edir.
Yol xəritəsində bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası qabaqcıl beynəlxalq təcrübələri nəzərə almaqla milli reytinq agentliklərinin yaradılması imkanlarını qiymətləndirəcək. Müvafiq qərara uyğun tədbirlər planı hazırlanacaq və icrasına başlanacaq. Bu prioritetin həyata keçirilməsi nəticəsində borcalanlar barədə daha geniş məlumat bazası yaradılacaq. Bu prioritetin 2020-ci ildə real ÜDM-ə və məşğulluğa ölçülə bilən birbaşa təsiri gözlənilmir.