Milli Məclisin növbədənkənar iclası çağırılıb.
Məlumata görə, sentyabrın 14-də keçiriləcək plenar iclasda Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə müzakirə ediləcək. İclasın gedişatından deputatların çıxışlarından asılı olaraq qərar qəbul ediləcək.
Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə Azərbaycan rəsmiləri də münasibət bildirib.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirib. Onun sözlərinə görə, qəbul edilən qətnamə Qərbdəki bəzi islamofob, ermənipərəst dairələrin Avropa Parlamentinə təzyiqinin nəticəsidir.
O, qətnamədə adları qeyd olunan şəxslərin Azərbaycanda konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduqlarını nəzərə çatdırıb və qeyd edib ki, konkret cinayət əməlləri törətdiyi açıq məhkəmədə faktlar və şahid ifadələri əsasında sübut olunmuş bəzi şəxslərin işini qərəzli şəkildə siyasiləşdirən Avropa Parlamenti bununla hüququn aliliyinə hörmətsizlik nümayiş etdirir.
Əli Həsənov Avropa Parlamentinin son qətnaməsinin Azərbaycan-Avropa əlaqələrinə təsirindən danışarkən bildirib ki, Azərbaycan əməkdaşlığı davam etdirmək niyyətindədir. “Lakin Azərbaycan heç vaxt kimlərinsə dominantlıq iddiasını qəbul etməyəcək, “böyük-kiçik” münasibətlərini tətbiq etmək cəhdlərinə yol verməyəcək”.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov da bu qətnaməni ədalətsiz, qərəzli və yersiz adlandırıb.
Onun sözlərinə görə, sözügedən qətnamə azərbaycanlıların Avropa dəyərlərinə inamını azaldır. “Avropa dəyərləri çətin anlarını yaşayır, aşınır. Avropanın da yaxından iştirakı ilə həyata keçirilən Orta Şərq siyasətinin qurbanları olan qaçqınlara, uşaq və qadınlara göstərilən münasibət bunun əyani misalıdır. Avropanın Avropa Parlamentində müzakirəyə çıxarılmalı olan kifayət qədər ciddi problemləri var”, deyən Əli Əhmədov milli mənafenin Azərbaycanın təmsil olunmadığı qurumun qəbul etdiyi qərəzli, ədalətsiz qətnamədən daha əhəmiyyətli olduğunu bildirib.
Sentyabrın 10-da Avropa Parlamentinin qəbul etdiyi qətnamədə “bütün siyasi məhbusların, insan haqları müdafiəçilərinin və digər vətəndaş cəmiyyəti fəallarının dərhal və şərtsiz azadlığa buraxılmasına" çağırılır, ölkədə insan haqlarının pozulduğu iddia edilir.
Sənəddə Xədicə İsmayılova, Leyla və Arif Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Vicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasməmmədov, İlqar Məmmədovu dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamların ləğv olunmasına çağırılır./anspress/