Azərbaycan Milli Məclisinin payız sessiyasının qanunvericilik işlər planı məlum olub.
Məlumata görə, işlər planına Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında”, “Azərbaycan Respublikasının Dövlət himni haqqında”, “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstituasiya qanununun layihələri, eləcə də Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri daxildir.
Bundan başqa, payız sessiyasında “Daxili qoşunlar haqqında”, “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında”, “Hesablama Palatası haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kinematoqrafiya haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Turizm haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Reproduktiv sağlamlığın qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında”, “Peşə təhsili haqqında” qanun layihələrinin də müzakirəyə çıxarılması gözlənilir.
Qeyd edək ki, payız sessiyası oktyabrın 2-də başlayacaq, dekabrın 30-dək davam edəcək. /Report/