Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
MM-dən verilən məlumata görə, Necdet Ünüvar Türkiyə Respublikasının prezidenti, baş naziri, TBMM-nin sədri və türk xalqı adından son günlər cəbhə xəttində baş vermiş hadisələrlə əlaqədar ölkəmizin verdiyi şəhidlərə görə Azərbaycan rəhbərliyinə və xalqına dərin hüznlə başsağlığı verib.
O, erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərin azad olunmasında Azərbaycan əsgərinin göstərdiyi rəşadəti yüksək qiymətləndirərək, tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına inandığını deyib. Bu yolda Türkiyənin hər zaman Azərbaycana dəstək olacağını bildirib: “Səfərdə olan nümayəndə heyətinin tərkibində müxtəlif partiya təmsilçilərinin olmasına baxmayaraq, Azərbaycan məsələsində türkiyəli deputatlar arasında fikir ayrılığı yoxdur. Bu Azərbaycan xalqına olan qardaş münasibətin bariz nümunəsidir”.
O. Əsədov görüşdə səslənən fikirlərə görə Türkiyə rəhbərliyinə, qonağa və Türkiyə xalqına öz dərin təşəkkürünü bildirib.
Daha sonra qonaqlar Azərbaycan – Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvləri ilə görüşüblər. İşçi qrupun rəhbəri Əhliman Əmiraslanov xalqlarımızın bu gün bütün dünyaya nümunə sayılacaq qardaşlıq və dostluq münasibətlərindən bəhs edib. O, dostluq qruplarının fəaliyyətindən, ümumtürk birliyindən, ortaq milli-mənəvi dəyərlərdən danışıb. Türkiyə parlamentinin Adanadan olan millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar səmimi görüş üçün minnətdarlığını bildirib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” deyimlərinin hər iki xalqın dilində əzbər olduğunu qeyd edib. Qonaq son günlər cəbhə bölgəsində gedən ağır döyüşlərdə şəhid olan oğullarımıza görə Azərbaycan xalqına Türkiyə hökuməti və parlamenti adından başsağlıqlarını çatdırıb./apa/