Milli Məclisdə qalmaqal
18.12.2015 1066 0.0 0

Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Qazeta.info AzVision.az-un məlumatına əsasən bildirir ki, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, dəyişikliyə əsasən Xəzər dənizinin Azərbaycan hissəsində sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslər 40 min manat miqdarda cərimələnəcək.

Qeyd edilib ki, bu, təkrar törədildikdə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat miqdarında cərimələnəcək. 

Qanun layihəsinə əsasən Xəzərin Azərbaycana mənsub bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanın qərarı ilə istifadəyə və icarəyə verilə bilər.

Sahil boyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlana bilər. 

Dövlətin iqtisadi və ya təhlükəsizlik mənafeyinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər.

Qanun layihəsinin müzakirəsi zamanı gərgin anlar yaşanıb. 

Deputat Fazil Mustafa çıxışı zamanı dənizin imkanlı şəxslər tərəfindən hasarlanmasından şikayətlənib: “Ayrı-ayrı şəxslər imkanlarından istifadə edərək dənizin kənarlarını hasarlayırlar. İnsanların dənizə girişinə qadağa qoyulur. Dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmaması ciddi problemlər yaradacaq. Nəqliyyatın sərbəst hərəkəti üçün yol qoyulmalıdır. Hasarlar aradan qaldırılmalıdır.

Bu gün dənizkənarı ətraf yerlərdə vəziyyət belədir. Vətəndaşların istirahət hüquqi pozulur. Ona görə bu məsələyə prinsipial yanaşmaq laızmdır. Dənizin insanların üzünə bağlanmasının qarışısı alınmalıdır. Xəzərin bu cür istismar olunmasına, təbii sərvətin insanların əlindən alınmasına son qoyulmalıdır”.

Deputat Elmira Axundova bildirib ki, Abşeron, Qaradağ, Sumqayıt və bir çox yerlərdə dəniz daş hasarlarla bağlanıb: “Keçən iclaslarda Zeynəb Xanlarova, Siyavuş Novruzov bildirdi ki, bu hasarlar sökülsün. Lakin burada göstərilən daş hasarların hündürlüyü bundan sonrakılara şamil ediləcək. Bunun isə elə də böyük əhəmiyyəti olmayacaq. Mən başa düşürəm ki, qanun geriyə şamil olunmur. Bu, ümummilli məsələdir, milləti narahat edən məsələdir. Hesab edirəm ki, bu qadağa çəkilmiş hasarlara da aid edilməlidir”.

Komitə sədri Eldar İbrahimov isə deputatları mövzudan kənar danışmaqda günahlandırıb.

Vitse-spiker Ziyafət Əsgərov Eldar İbrahimovun fikirlərini dəstəklədiyini bilidib. Bu isə bəzi deputatların etirazına səbəb olub. 

Deputat Fəzail Ağamalı həmkarlarına danışmaq üçün söz verilməməsindən şikayətlənib. “İcazə verin, qanunların müzakirəsində bizə verilmiş hüquqdan istifadə edərək çıxış edək, sözümüzü deyək. İndi niyə bunu malalayırıq. Bu, milləti narahat edən məsələdir. Yayda vətəndaşlar dincəlməyə gedə bilmirlər. Xahiş edirəm bir-birimizə təmkinli yanaşaq”.

Deputat Zahid Oruc da müzakirə zamanı həmkarlarına etirazıbı bildirib: “Yeni çağırış parlamentin yalnız bir iclası keçirilib. Siz bu qədərmi yorulmusunuz? Parlament müzakirələr yeridir. Kürəyimizdən təzyiq edirsiniz. Çıxış etmək istəyirik, yerdən səs-küy gəlir. Kim istəmirsə, durub gedə bilər. Onsuz da heç kim dövlətin əleyhinə çıxış edən deyil. Biz sədarətdən icazə alıb, konstitusion hüququmuzdan istifadə edərək çıxış edirik. Sizə hörmət edirik, siz də bizə hörmət edin. İmkan verin ki, çıxış edək”.

Fasilədən sonra qalmaqala səbəb olan qanun layihəsi səsverməyə qoyularaq qəbul olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar