"Zaman-zaman bu nazirlikdə müəyyən qüsurların olmasını dilə gətirirdik. Özbaşınalıqlar və çatışmazlıqlardan danışırdıq".
Qazeta.info xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu təcrübə dünyada da var: "Ona görə də sərəncamı müsbət dəyərləndirirəm. Eyni zamanda yeni gənc kadrların işə cəlb edilməsi müsbət haldır. Əvvəlki təcrübələrdə insanların narazılığına, tənqidinə səbəb olan neqativ halların çoxluğu ilə müşayiət olunan məsələlər indi yoxdur. Gənc kadrlar daha islahatçı və yenilikçi olur. Ramin Quluzadənin iki quruma rəhbər təyin olunması bu sahədə olan nöqsanların aradan qaldırılması ilə yanaşı, ölkənin büdcəsinə də dividend gətirəcək".
Millət vəkili deyib ki, birləşdirilmiş nazirliyin müəyyən strukturları işləyəcək:
"Çünki yaranmış yeni nazirliyin adında da nəqliyyat sözü var. Ola bilsin ki, bəzi şöbələr ləğv edilsin. Struktur dəyişikliyi zamanı haradasa 50-100 nəfərin işsizliyinə görə islahatları dəstəkləməsək, bu da başa düşülən olmaz. Vaxtilə bu nazirlikdə paralel, lazımsız şöbələr fəaliyyət göstərirdi. Burada işləyənlərin çoxu da qohum-əqrəbadan formalaşırdı. Ona görə də neqativ məqamlara cəmiyyətdə etiraz var idi. Hesab edirəm ki, Ziya Məmmədov çoxdan getməli idi. Bu qəbildən olan başqa qurumların da rəhbərləri var. Amma bu məsələ cənab prezidentin səlahiyyətinə aid olduğuna görə biz onun sərəncamını gözləyirdik".