“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündən təxliyyə olunan şəxslər Neftçilər Xəstəxanasına gətirilib. Qazeta.info bildirir ki, Meydan TV həm Zığ limanında, həm də xəstəxananın qarşısında baş verənləri işıqlandırıb.
Platformada olanların yaxınları əsasən məlumat ala bilmədiklərindən gileyləniblər.
“Deyirlər, 43 nəfər təxliyyə olunub. Bu gün zəng etmişəm qərargaha, deyirlər, heç bir siyahıda adı yoxdur. Heç bir məlumat verilmir. Ölüblərsə, desinlər ölüb, sağdırsa, desinlər, bilək. Dolamasınlar camaatı” – bu sözləri neftçi Canbaxış Əsgərovun oğlu deyir.
“Adamı heç yaxına buraxmırlar, qaldı məlumat vermələri. Qolundan tutub atırlar bayıra. Çünki dərəbəylikdir” – bunu da yaxınından xəbər gözləyənlər deyir.
Həkimlər təxliyyə olunmuş yaralıların vəziyyəti barədə məlumat vermir.
SOCAR-ın sahə rəisi Köçərli Abbasov yanğının nədən baş verməsi haqqında məlumatsız olduğunu deyir: “SOCAR rəsmiləri hadisə ilə əlaqədar yoxlama aparırlar. Hələ heç kim gəlməyib bura, ona görə də rəsmi məlumatı bilmirəm”. Ailə üzvlərinə Əyyub Əliyevin öldüyü xəbəri deyilsə də, K.Abbasov bu barədə dəqiq məlumatın olmadığını bildirib: “Hələ o barədə heç kimdə dəqiq məlumat yoxdu. “Şurubka”nın biri aşıb, digəri qalır. Hələ heç kim dəqiq bilmir kim sağdı, kimə nə olub. Yalnız Ramiz Həsənovun öldüyü haqda dəqiq məlumat var. Meyiti indi Dərin Özüllər Zavodunun ərazisinə gəldi. Başqa heç kim haqqında dəqiq məlumat yoxdur”.