"Azərbaycanda universitetlər güclü rəqabət imkanlarına malik olmalı, müasir idarəetmə prinsiplərinə əsaslanmalıdır". Məlumata görə, təhsil naziri Mikayıl Cabbarov Bakı Mühəndislik Universitetinin rəhbərliyi və müəllim heyəti ilə keçirilən görüşdə bildirib ki, xüsusən, dünya miqyasında tanınan ali təhsil müəssisələrində qəbulun əlçatan olması və ötən illərlə müqayisədə asanlaşması hər bir universitetdən öz keyfiyyətini artırmağı tələb edir. Nazir son 4 ildə təhsil sahəsində aparılan islahatlar və görülən işlər barədə məlumat verib. Bakı Mühəndislik Universitetindəki idarəetmə formasına diqqət çəkən M.Cabbarov bildirib ki, bu təhsil ocağının universitetlər arasında layiqli yer tutması üçün zəruri dəstək göstəriləcək.
Ali məktəbin rektoru Havar Məmmədov bildirib ki, ali təhsil ocağında bakalavr səviyyəsində 3800 tələbə təhsil alır: “Bu tədris ilində 9 tələbə prezident təqaüdünə layiq görülüb. Ümumilikdə isə universitetdə 55 prezident təqaüdçüsü təhsil alır”./apa/