«Meydan» TV qalmaqalı böyüyür
03.10.2015 653 0.0 0

Baş Prokurorluğun Ağır İşlərə dair Istintaq idarəsi "Meydan" TV-nin daha bir əməkdaşını dindirib.

Məlumata görə, jurnalist İzolda Ağayeva dindirildikdən sonra bildirib ki, ona “Meydan” TV işi ilə bağlı suallar veriblər. Yeni suallar da olub. Amma istintaq sirri olduğundan bu baradə məlumat vermək istəmir.

Ümumiyyətlə İzolda Ağayeva bundan qabaq da bir neçə dəfə istintaqa dəvət olunub.

 


İzolda Ağayeva- Jurnalist


Jurnalist İzolda Ağayevadan bir neçə saat əvvəl isə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Tatyana Kryuçkina da Baş Prokurorluğun Ağır Işlərə dair Istintaq idarəsində dindirilib. Jurnalist əməkdaşlar tərəfindən danışdırıldıqdan sonra əlavə şərh verməyərək öz "facebook" hesabında "Dostlar, çıxdım. Hər şey qaydasındadır. Sizə dəstəyinizə görə təşəkkürlər!" yazılmış status paylaşıb.

 

Tatyana Kryuçkinanın dindirildikdən sonra yazdığı şərh


Bir müddət əvvəl isə İzolda Ağayeva ilə yanaşı "Meydan" TV-nin digər 2 əməkdaşı jurnalistlər - Aytən Fərhadova, Sevinc Vaqifqızı və sentyabrın 20-nə keçən gecə saat 1 radələrində Binə Hava Limanında saxlanılmışdılar.

Ukraynadan təlimdən qayıdan jurnalistlərə bildirilmişdi ki, onların adı sistemdə bloklanıb və ölkədən çıxışlarına qadağa qoyulub. Bundan sonra onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdılar. Xanım jurnalistlərlə Mingəçevir hadisələri və "Meydan" TV-nin fəaliyyəti ilə bağlı suallar verilmişdi.

 

 

 

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan jurnalistlər sentyabrın 20-də saat 12.30 radələrində azad edilib. 

Hadisədən sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanmasına münasibət bildirmişdi.

O, açıqlamasında deyib ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da KİV nümayəndələrinin fəaliyyəti müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir.

Ölkə qanunvericiliyi söz və məlumat azadlığına, KİV redaksiyalarının və jurnalistlərin müstəqil fəaliyyətinə, sərbəst şəkildə informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Bununla yanaşı, həm yerli, həm də Azərbaycanda xarici KİV-ləri təmsil edən jurnalistlər və nümayəndələr öz fəaliyyətlərini qanunların çərçivəsində qurmalı, ölkə və cəmiyyət qarşısında məsuliyyətlərini dərindən dərk etməli və qeyri-qanuni addımlara yol verməməlidirlər.

 


Əli Həsənov- Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi


"Təəssüf ki, “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər."-deyə Əli Həsənov əlavə edib.

 


"Meydan" TV-nin dindirilən əməkdaşları/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar