Ötən ay Facebook sosial şəbəkəsinin Azərbaycan seqmentində ictimai nəqliyyatın, o cümlədən metronun qiymətlərinin qalxması müzakirə olunurdu. Bununla bağlı mətbuata açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev demişdi ki, Tarif Şurasına bununla bağlı müraciət olmayıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev də onun sözlərini təsdiqləmişdi.
Açıqlamalar vətəndaşları bir qədər sakitləşdirsə də, müzakirələr yenidən başlayıb. Deyilənə görə, Novruz bayramından sonra qiymətlər 50 qəpiyə qədər yüksələcək.
Bu məsələ ilə bağlı əvvəl də KİV-də məlumat getmişdi. QSC-nin səhmlərinin 49%-nin Fransa şirkətinə satıldığı deylirdi. Yaxın gələcəkdə müqavilə də imzalanacağı bildirilirdi. O zaman da bildirilmişdi ki, razılıq əldə edilərsə, qiymətlər 50 qəpiyə qədər yüksələcək.
Milli.Az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün Day.az saytının əməkdaşı İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyevlə əlaqə saxlayıb.
Qurum rəsmisi bildirib ki, metroda qiymətlərin qaldırılması ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb.
"Hazırda bu məsələ gündəlikdə deyil", - o əlavə edib. /milli.az/