Merkeldən Azərbaycana dəstək bəyanatı
07.04.2016 4261 0.0 0


Almaniya kansleri Angela Merkel Berlində Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirdiyi brifinqdə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirib.

Məlumata görə, Angela Merkel bildirib ki, Qarabağ münaqişəsinin həllinin əsasında Helsinki yekun aktının üç əsas prinsipinin durması önəmli uğurdur. Almaniya kansleri həmin prinsiplərin millətin öz müqəddaratını təyin etməsi, ərazi bütövlüyü və güc tətbiqindən imtina olduğunu bildirib.

“Biz bu üç prinsipi dəyişməməliyik və hər şeyi etmək lazımdır ki, qan tökülməsin və insanlar ölməsin. Regionda uzunmüddətli sülhü bərqərar etmək üçün bu istiqamətdə səylər daha fəal olmalıdır və həll axtarılmalıdır”, - deyə Merkel vurğulayıb.

 

          

            Serj Sarkisyan və Angela Merkel Berlində brifinq zamanı

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli müsahibəsində bunu qərbin mövqeyində Azərbaycanın xeyrinə nisbi də olsa irəliləmə sayır: “Əsas müəmma millətin öz müqəddaratını təyin etməsi pirinsipi ilə bağlıdır. Madrid prinsiplərində bu məsələ tərəflər tərəfindən müxtəlif cür yozulur. Azərbaycan, təbii ki, bunu öz ərazi bütövlüyü  çərçivəsində yüksək səviyyəli muxtariyyət kimi görür. Amma Ermənistan ilk addım kimi Dağlıq Qarabağa müstəqillik verilməsini tələb edir”.

Qabil Hüseynlinin fikrincə, Madrid prinsiplərini irəli sürən qərb dövlətlərinin bu məsələdə konkret mövqe bildirməsi də məsələni qəlizləşdirir: “Merkelin ərazi bütövlüyü prinsipini önə çəkməsi bir qədər irəliləmədir. Əslində, belə də olmalıdır. Dünyada 5500 xalq var, onların yalnız 200-ü öz müqəddaratını müstəqil dövlət kimi müəyyən edib. Həmin 200 xalqın içində ermənilər də var, yəni bu hüquqları təmin edilib. Buna görə də Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsi üçün referendumun yalnız keçmiş muxtar vilayətdə keçirilməsi Helsinki prinsiplərinin pozulmasıdır. Referendum bütün Azərbaycanda keçirilməlidir”. 

 

        

                Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli

Qarabağ münaqişəsinin həlli üzrə ilk dəfə 2007-ci ilin noyabr ayında İspaniyanın Madrid şəhərində irəli sürülmüş prinsiplərin dəqiq məzmunu açıqlanmır. Yalnız bu məlumdur ki, Madrid prinsiplərinə əsasən, Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. Məhz bu məslədə tərəflərin fikirləri haçalaşır.

Azərbaycan tərəfi bildirir ki, prinsiplərə görə, Dağlıq Qarabağın hüquqi statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir. Amma Ermənistan tərəfi iddia edir ki, prinsiplərdə Dağlıq Qarabağa öz müqəddəratını təyin etmək hüququ verilməsi öz əksini tapıb.  


Münaqişənin nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərinin - Rusiya, ABŞ və Fransanın təzadlı addımları da erməni tərəfinin bu iddiasının əsasında nələrinsə durduğunu düşünməyə imkan verir. Məsələn, 2008-ci il martın 14-də BMT Baş Assambleyasında Azərbaycanın işğal edilmiş ərazilərindən bütün erməni silahlı birləşmələrin  dərhal və şərtsiz çıxarılması barədə qətnamə qəbul edilən zaman sənədin əleyhinə səs verən 7 ölkədən üçü məhz həmsədr ölkələr olub.

Səsvermədən sonra həmsədr ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər. Amma buna baxmayaraq, səsvermənin nəticələri Ermənistana ərazilərdən çıxmaq üçün inad göstərməyə imkan yaradıb. Məhz buna görə, Ermənistan münaqişənin həlli üzrə mövcud formatın dəyişdirilməsini istəmir.


Millət vəkili Rasim Musabəyov müsahibəsində bildirib ki, bütün danışıqlar prosesində ATƏT Minsk qrupunun həmsədrləri həmişə Azərbaycanın ərazi bütöılüyünü dəstəklədiklərini deyirlər: “Onlar bizimlə bunu həmişə təkrarlayırlar. Amma Ermənistan isə tələb edir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanısın. Yalnız bundan sonra danışıqlara başlaya biləcəyini bildirir. Azərbaycan heç zaman buna getməyəcək. Dağlıq Qarabağa ancaq Azərbaycanın ərazi bötövlüyü çərçivəsində yüksək muxtariyyət verilə bilər”.

Əslində, bu gerçəyi Ermənistan rəhbərliyi də anlayır. İrəvanda hakimiyyətdə olan “Qarabağ” klanı buna görə istənilən vəchlə münaqişənin həllini təxirə salmaq istəyir. Bu, işğal edilmiş torpaqları daxili siyasətdə istifadə edərək “azad edilmiş” ərazilər kimi təqdim etməyə imkan yaradır. Yəni Ermənistanın oliqarxik hakimiyyətinin təmsilçilərinə özlərini qəhrəman kimi göstərməkdə yardımçı olur. Həm də ermənilər ölkələrin ərazi bütövlüyünün dəyişməzliyinə əsaslanan Helsinki xartiyasının nə vaxtsa qüvvədən düşəcəyinə ümid edirlər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar