Milli Şuradan verilən məlumata görə, o, qurumun Əsasnaməsinə zidd fəaliyyət göstərdiyi üçün belə bir qərar verilib.
Məlumata görə, M. Vəzirin Milli Şuradan çıxması barədə qərar qurumun Koordinasiya Mərkəzinin dünən keçirilmiş iclasında qəbul olunub.
Mehriban Vəzir Milli Şuradan çıxarılmasının səbəblərini açıqlayıb.
M. Vəzir APA-ya açıqlamasında bildirib ki, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası aprelin 30-da Koalisiyalar Şurasına seçki keçirib: “Şura üzvü 11 nəfərdən ibarətdir və namizədlər 30 nəfəri keçmişdi. Həmin namizədlərin içərisində mən də vardım. Seçkilər çox demokratik keçirildi və heç bir qanun pozuntusuna yol verilmədi. Biz seçkinin nəticələrini tanıdıq. Lakin bununla belə seçkinin nəticələri çox əcaib görünürdü. Nəticələri analiz edəndə məlum oldu ki, respublikada və dünyada öz sahəsi üzrə tanınan ekspertlər bu seçkidə 20 səs, lakin Koalisiyanın iclasında ilk dəfə iştirak edənlər daha çox səs toplayıb. Ertəsi gün elektron poçtumda bir məktub gördüm. Həmin məktubda Oqtay Gülalıyev Milli Şuraya hesabat verirdi. Bu hesabat yalan və böhtanla dolu idi. İddia edirdi ki, guya hakimiyyətin iki planını darmadağın ediblər, nəhəng koalisiyanın QHT-yə çevrilməsinə imkan verməyiblər, hakimiyyət guya bu işə 400 min manat ayırıbmış bunlar ona imkan verməyiblər və s. Sonunda da o onların qrupu seçildiyi üçün Milli Şuranın rəhbərliyinə təşəkkür edib. Mən bunları oxuyandan sonra narahat oldum və məktubu koalisiyanın şəbəkəsinə göndərdim. Keçmiş kordinator Əliməmməd bəydən aydınlaşma istədim ki, bu nə 400 min məsələsidir? Milli Şura da atmış olduğum bu addımı səbəb gətirir ki, nizamnaməyə zidd hərəkət etmişəm və daxili şəbəkədə olan bu məktubu yayımlamışam. Lakin Milli Şura məndən heç bir izahat istəmədi. Bu, Milli Şuraya, Oqtay bəyin özəl həyatına aid deyil, sırf koalisiyaya və eyni zamanda mənə toxunan məsələdir. Bizi hansısa korrupsiya əməlində ittiham edirdilər. Ona görə mən bu məsələyə aydınlıq gətirmək istəyirdim. Milli Şura da aydınlıq istəmək əvəzinə məni şuradan çıxartdı. Bu qədər”.