Mehriban Əliyeva Milli Məclisdə çıxış edib
07.03.2017 1021 0.0 0

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.
 
Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, birinci vitse-prezident deputatlıq fəaliyyəti ilə bağlı hesabat da verib.
 
M. Əliyeva qeyd edib ki, prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı əsasında yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar Azərbaycan Milli Məclisində fəaliyyətini dayandırır: “Mən 10 ildən artıq parlamentin üzvü olmuşam. Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəf idi. Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi  formalaşdırılmasında Milli Məclisin deputat korpusunun böyük rolu olub. 
 
Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini millət  vəkillərinin birgə səyi nəticəsində hazırlanıb, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir. Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim işgüzar ab-havanın şahidi olmuşam. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyi var".

Deputatı olduğu Xəzər rayonunda 2005-ci ildən bu günə qədər aparılan işlər haqqında məlumat verən M. Əliyeva deyib ki, bu müddət ərzində Xəzər rayonunda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa edilib və əsaslı təmir olunub: “17 sənaye müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti , 7 məscid və ziyarətgah istifadəyə verilib. Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində əhalinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb. Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 190 km olan yollar salınıb. Bu illər ərzində irimiqyaslı, uzun müddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşadırılmasını və həllini də daim ön plana çıxarmışam. Mənə müraciət  edən insanlara dəstək olmağa çalışmışam. Fəaliyyətimin bütün mərhələlərində rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal deyil, hər zaman səmimi olub. Mən tam əminliklə deyə bilərəm ki, əldə olunan bütün nailiyyətlərə birgə fəaliyyət nəticəsində nail olmuşuq.  Bu illər ərzində məni dəstəkləyən hər kəsə öz minnətdarlığımı bildirirəm. Gələcəkdə də Xəzər rayonun inkişafı üçün çalışacağam".
 
M. Əliyeva Milli Məclisdə təmsil olunduğu müddət ərzində bir sıra təklif və təşəbbüslə çıxış etdiyini diqqətə çatdırıb: "Humanizm və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013, 2016-cı illərdə irəli sürdüyüm Amnistiya aktlarının qəbul edilməsi ilə bağlı təşəbbüsüm həmkarlarım tərəfindən  daim dəstəklənib. Bu qərarlar əsasında ümumilikdə 39 min 887 məhkum cəzadan azad edilib. Mən amnistiya təşəbbüslərini dəstəkləyən, on minlərlə insana azadlıq bəxş edən deputatların hər birinə dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək, bu, xoş ənənə davam edəcək. Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi. Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib”.
 
M. Əliyeva bildirib ki, bütün çıxışlarında Azərbaycanın ayrılmaq hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğal olunmasını, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb: “Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb. Mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük ömür məktəbi kimi qiymətləndirirəm. Bir millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən hər zaman həyatda sadə prinsiplərə arxalanmışam. Vicdan, ləyaqət, mərhəmət, xoş niyyət, ədalət, qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam.

 

Son günlər mənim ünvanıma soydaşlarımızdan təbriklər gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Səmimi ürək sözləri və dəstəyə görə hər birinə öz dərin minnətdarlığımı bildirirəm. Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm.

 

Mən deputatlarmızın hər birinə möhkəm can sağlığı, şəxsi həyatında xoşbəxtlik, işlərində uğurlar arzulayıram. Ümidvaram ki, əməkdaşlıq gələcəkdə də davam edəcək. Tanrı hər zaman Azərbaycanı qorusun!”


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar