Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Bolqarıstanın ölkəmizdəki səfiri xanım Maya Xristova ilə görüşü olub.
Heydər Əliyev Fondundan verilən məlumata görə, Heydər Əliyev Fondunda M. Xristovanı görməkdən şad olduğunu deyən M. Əliyeva Azərbaycan-Bolqarıstan əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri vurğulayıb.
M. Əliyeva ölkələrimizin və xalqlarımızın tarixən bir-birinə yaxın olduğunu qeyd edərək, münasibətlərimizin həm dövlət başçıları, həm hökumətlər, həm də xalqlar arasında yüksək səviyyədə olduğunu vurğulayıb. Bu əməkdaşlıqda M. Xristovanın əməyini xüsusi qeyd edən Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun diplomatik missiya rəhbərinin dəstəyi ilə Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası işlərini həyata keçirdiyini diqqətə çatdırıb. M. Əliyeva bildirib ki, bununla əlaqədar ötən ilin may ayında Sofiyada “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiyası və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında saziş imzalanıb. Hazırda bərpa işləri başa çatmaq üzrədir.
Səfir Maya Xristova Heydər Əliyev Fondunun Bolqarıstanda həyata keçirdiyi layihəyə görə təşəkkürünü bildirərək, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi./apa/