Medvedev və Lavrovun yeni Qarabağ planı
07.04.2016 956 0.0 0


Cəbhə xəttində Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəs razılaşmasından sonra bəzi dövlətlər Dağlıq Qarabağ münaqişəsi ətrafında səylərini artırmağa başlayıb. Məsələn, bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəlib. Aprelin 8-də isə Rusiyanın baş naziri Dmitri Medvedevin Azərbaycana səfəri gözlənilir. 

Məlumata görə, Rusiya rəsmilərinin Ermənistana da səfərləri planlaşdırılır. Bu gün həmçinin Ermənistan prezidenti Serj Sarkisyan Berlində olub. Serj Sarkisyan və Almaniya kansleri Angela Merkel arasında baş tutan görüşün əsas mövzusu Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi olub.

Məlumdur ki, bu səfərlərin hər birində Dağlıq Qarabağ münaqişəsi, xüsusilə də cəbhə xəttində yaşanan son gərginliklər müzakirə olunub və ya olunacaq. Qarabağ münaqişəsi başlanandan bəri yuxarıda adıçəkilən şəxslər və üzərinə öhdəlik götürən digərləri Bakıya və İrəvana dəfələrlə səfər ediblər, həmçinin problemin həllini bir çox beynəlxalq təşkilatlarda və görüşlərdə müzakirə aparıblar. Amma heç də nəzərəçarpan qərarlar qəbul edilməyib. Bu dəfəki, səfərlər isə tamamilə başqa bir dövrə təsadüf edib.

 

Ermənistan prezidenti Serj Sarkisyan və Almaniya kansleri Angela Merkel arasında birgə mətbuat konfransı



Azərbaycan ordusunun keçirdiyi hərbi əməliyyatlar rəsmilərin son səfərlərinin önəmini dəfələrlə artırır. Bəs bu yeni şəraitdə baş tutuan səfərlər Dağlıq Qarabağ münaqişəsinin həllində nəyi dəyişəcək?

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli açıqlamasında bildirdi ki, Azərbaycan ordusunun cavab tədbirindən sonra baş tutan səfərlər hazırkı status – kvonu Azərbaycanın xeyrinə dəyişdirə bilər.


“Əvvəllər 7 rayonun qaytarılması məsələsi gündəmdə idi. Amma indi  5 rayon müzakirə olunur. Hazırda yarımhəll planı var. Bu həll planı çərçivəsində Sergey Lavrov və Dmitri Medvedevin Bakı səfərləri zamanı 5 rayonun Azərbaycana qaytarılması əsas müzakirə mövzusu ola bilər”.

Qabil Hüseynlinin sözlərinə görə, bu plan ilk mərhələdə Azərbaycanı qane edə bilər. “Amma sonra bu belə olmayacaq. Rusiya Azərbaycan ordusunun hərbi əməliyyatlarından sonra 5 rayonun qaytarılması planını yenidən gündəmə gətirir. Rəsmi Moskva İrəvana planın həyata keçirilməsi üçün təzyiqlər etdiyini göstərmək istəyir. Amma Azərbaycan ordunun keçirdiyi hərbi əməliyyatlardan sonra danışıqlar masası ətrafında daha güclüdür”, - deyə politoloq bildirdi.

Politoloqun sözlərinə görə, Ermənistana qarşı cavab tədbirləri göstərdi ki, münaqişə dondurulmuş vəziyyətdə saxlanıla bilməz. Onun sözlərinə görə, bu əməliyyatlardan sonra masa ətrafında Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpa edilməsi və ya Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyatın verilməsində müzakirə olunmalıdır.

“Ermənistan və onun müttəfiqləri bilməlidir ki, Azərbaycan tək deyil, onun Pakistan, Türkiyə və bir çox müsəlman dövlətləri kimi müttəfiqləri var”, - deyə Qabil Hüseynli bildirib.

Qabil Hüseynli - politoloq 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc da Azərbaycanın cəbhədə əldə etdiyi son nailiyyətlərin dəyirmi masa ətrafında aparılan müzakirələrə təsir edəcəyini düşünür.

“4 günlük müharibədən sonra əldə olunan atəşkəsi 1994-ci ildə bağlanan müqavilə ilə müqayisə etmək olmaz. Bu günlər ərzində bütün beynəlxalq təşkilatların və nüfuzlu dövlətlərin bacarmadığını Azərbaycan ordusu etdi. Onlar işğal altında olan torpaqların bəzi hissələrini azad etdilər. Şərtlər Azərbaycanın xeyrinə dəyişdi. Ölkəmizə səfər edən rəsmilər də bunu hiss etməkdədirlər”, - deyə Zahid Oruc bildirdi.

Millət vəkilinin sözlərinə görə, dünənə qədər qalib obrazda bütün şərtləri diktə etməyə çalışan Sarkisyan rejimi indi çox yaxşı bilir ki, bu qələbədən sonra münaqişənin Azərbaycanın xeyrinə həlli realdır.

 

Zahid Oruc - millət vəkili



“Çünki Rusiya 4 gün ərzində Bakı və İrəvan arasında balansı qorumağa çalışdı. Ona görə də Sergey Lavrov və Dmitri Medvedevin Azərbaycana səfəri fonunda münaqişənin yeni nizamlanma planı ortaya çıxa bilər. Artıq 4 gün davam edən müharibə dövründə Ermənistan Rusiyadan bir zərbə alıb. Ermənistan politoloqları bir neçə gün ərazində Rusiyanı cəbhədə onları tək qoymaqda günahlandırırdı. Yaxın müddət ərzində cəbhədəki hərbi, coğrafi üstünlüyün yaratdığı bir siyasi şərait görəcəyik”, - deyə millət vəkili bildirdi.


Təxminən 10 gün əvvələ qədər Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsi bəzi beynəlxalq təşkilatlar və nüfuzlu dövlətlər tərəfindən dondurulmuş münaqişə kimi qeyd edilirdi. Amma Azərbaycan ordusunun həyata keçirdiyi son hərbi əməliyyatlar sanki yuxuya gedən o qurumları və dövlətləri oyatdı. Çünki Silahlı Qüvvələr aprelin 2-dən 5-nə qədər Ermənistan  ordusunun dinc əhalini atəşə tutmasına qarşı keçirdiyi cavab tətbirləri nəticəsində qarşı tərəf  hələ nə qədər itki verdiyini müəyyən edə bilmir. Ona görə ki, qondarma rejim və Ermənistan rəhbərliyi  itirilən hərbi texnikanın, həmçinin ölü,  yaralıların sayı ilə bağlı qeyri- dəqiq rəqəmlər səsləndirir.

Amma Azərbaycan tərəfinin açıqladığı rəqəmlərə görə, döyüşlərdə ermənilərə məxsus onlarla hərbi texnika, o cümlədən tank və artilleriya, mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

 

Gərginliyin yaşandığı ərazilər (qırmızı dairə ilə işarələnib)

Azərbaycanın qalib olduğunu açıq formada ortaya qoyan məqamlardan biri də prezident İlham Əliyevlə görüşmək istəyən dövlətlərin rəsmi şəxslərinin sıraya düzülməsidir. Ermənistan rəsmiləri isə atəşkəs əldə olunandan sonra təcili formada havadarlarının hüzüruna qaçmağa başladılar. Bu faktın özü Dağlıq Qarabağ münaqişəsinin həllində əsaslı dönüşün yarancağını deməyə əsas verir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar