Bu gün Binəqədi rayon Məhkəməsində, dələduqluqda ittiham edilərək barəsində həbs qətimkan tədbiri seçilən Maşallah Əhmədovun ev dustaqlığına buraxılmaqla bağlı şikayətinə baxılıb. Proses Rəşad Əliyevin sədrliyi ilə baş tutub.
Binəqədi rayon Məhkəməsindən verilən məlumata görə, məhkəmə şikayəti təmin edərək veteran futbolçu barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. M. Əhmədov ev dustaqlığına buraxılıb.
İki gün əvvəl isə Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən veteran futbolçu Maşallah Əhmədov barəsində Binəqədi Rayon Məhkəməsində çıxarılan həbs qərarından verilmiş apelyasiya şikayətinə baxılmış, lakin şikayət təmin edilməmişdi.
Maşallah Əhmədov dekabr ayının 15-də saxlanılıb. Saxlanmasından iki gün sonra isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həbs edilən sabiq futbolçu Bakı İstintaq Təcridxanasına göndərilmişdi.
O, külli miqdarda pul mənimsəməkdə ittiham edilir.
Məlumata görə, M. Əhmədov barəsində Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin 178.3.2-ci (Dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Sabiq futbolçu paytaxt sakini Fəqan Cəfərovdan 2012-ci ildə 72 min manat dəyərində üzlük piltə, Yusif Əzizov adlı şəxsdən 105 min manat dəyərində mərmər daşı götürüb pulunu ödəməməkdə, daha bir vətəndaşdan isə oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb geri qaytarmamaqda ittiham edilir.
Onun vətəndaşlara vurduğu maddi zərərin ümumi məbləği 192 min manatdır və başqa vətəndaşlara qarşı da belə bir addım atıb-atmadığı hazırda araşdırılır./anspress/