İyunun 20-də axşam saatlarında yağan güclü leysan yağışlar və qasırğa Marneulidə gürcülərin və azərbaycanlıların yaşadığı daha 4 kəndə ciddi ziyan vurub. Gürcüstan bürosunun məlumatına görə, gürcülərin yaşadığı Tamarisi kəndində qasırğa yaşlı şam ağaclarını kökündən çıxarıb, kənddə evlərin damını uçurub. 10-a qədər evə ciddi ziyan dəyib. Tamarisi kəndindən başqa, azərbaycanlıların kompakt yaşadığı qonşu Hallavar kəndinə də ciddi ziyan dəyib. Bu kənddə də evlərin damı uçub, bəzi evlərin şiferləri də qırılıb, həyətyanı sahələr güclü doludan zərər görüb. Marneulinin Candar kəndində də eyni vəziyyət yaranıb. Ümumiyyətlə bir saat ərzində yağan leysan yağışlar və güclü dolu, həm də qasırğa gürcü və azərbaycanlıların yaşayışına ciddi ziyan vurub. Məlumata görə, Marneuli Yanğından Mühafizə İdarəsinin dam örtüyünü də qasırğa atıb, xəsarət alan olmayıb.
Mövcud vəziyyət ilə bağlı Marneuli rayon icra hakimiyyətinin təcili iclası çağırılıb və fəsadların aradan qaldırılması müzakirə olunub. Bu gün səhərdən başlayaraq Marneulidə xidmət orqanlarının köməyi ilə küçələrdə yıxılan ağaclar və mərkəzdə olan orta məktəbin həyətinə düşən dam örtüyü yığışdırılıb.
Hazırda Tamarisi, Sereteli, Candar və Hallavar kəndlərində fəsadlar aradan qaldırılır, rayon icra hakimiyyətinin yaratdığı xüsusi komissiya əhaliyə dəyən ziyanı müəyyənləşdirir./apa/