Manat dekabra bahalaşa bilər
28.04.2015 705 0.0 0

Bir ara Bakıda hamı dollar alırdı. Evində 2 min manatdan 5 min manata qədər pul olan hər kəs valyuta dəyişmə məntəqələrinin önündə növbə gözləyirdi. Məlumata görə, indi vəziyyət dəyişib və artıq sadə vətəndaşların təcili şəkildə dollar axtarması, bunun üçün banklarda tanış operator axtarması hallarına rast gəlinmir. 

Bu məqam İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) diqqətindən yayınmayıb. Mərkəzin ötən həftə valyuta bazarında apardığı monitorinqin nəticəsinə görə, vətəndaşların dollara tələbatı azalıb. “Bazarda, bütövlükdə, dollar təklifinin artdığı müşahidə edilir. Dollara tələbin azalması vətəndaşların əvvəlki aylarda dəyişdirdikləri xarici valyutaları indiki xərclər üçün yenidən milli valyutaya çevirməsi ilə bağlıdır”, - deyə mərkəzdən yayılan məlumatda bildirilir. 

Mediada da son bir neçə ayda Azərbaycanda təxminən 4,5-5 milyard manat yığım vəsatinin dollara keçirilməsi barədə məlumat yayılıb. Türkiyə KİV-ləri həmin vəsaitlərin bir hissəsinin Şərqi Anadoluya yatırıldığını iddia edir. Yəni adamlar yenə də evində olan pulu dollarla saxlamağa üstünlük verməyə başlayıblar. 

Həmçinin, İSİM rəhbəri, iqtisadçı alim Vüqar Bayramov Azərbaycanda dollara psixoloji tələbin azalmasını da vurğulayır: “Milli valyutanın rəsmi məzənnəsində son 2 həftədə müşahidə edilən müqayisəli artım dollara psixoloji tələbi azaldıb”. Yəni manat çox az olmasa da müəyyən qədər bahalaşır ki, bu da vətəndaşlarda müəyyən arxayınlıq yaradır. Vüqar Bayramovun diqqətini çəkən başqa bir məqam isə Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının stabilləşməsi olub. Onun fikrincə, bu da manata təzyiqi xeyli azaldıb.

Bu baxımdan rublun möhkəmlənməsi xüsusilə önəmlidir. Rusiyalı ekspert, sərmayələr üzrə mütəxəssis Vladimir Tsuprov bu günlərdə “Forbes”də dərc olunmuş məqaləsində bildirir ki, hazırda Rusiyada hər kəs dollar satır, alan isə yoxdur. Bu isə Rusiyada rublun daha da möhkəmlənməsinə səbəb olur. Onun sözlərinə görə, nəzərə hesablamalara görə, hazırda 1 dollar 70 rubla bərabər olmalı idi, amma hazırda 1 dolların dəyəri 50 rubl ətrafında dəyişir. Yaxın aylarda Rusiyada dollara tələbatın artacağı da gözlənilmir. Çünki əhalinin istehlak səviyyəsinin düşməsinə uyğun olaraq idxal səviyyəsi də aşağı düşüb. Həmçinin ölkədən xaricə kapital axını da dayanıb, pulu olanlar çoxdan onu dollara çeviriblər. Həmçinin ixrac şirkətləri də valyuta satmağa məcburdurlar. 

Rusiyada vəziyyətin düzəlməsi və rublun bahalaşması Azərbaycan bazarına da müsbət təsir edir. İlk olaraq, bu, Rusiyaya ixracatı stimullaşdırır, Azərbaycan mallarının satılmasını rentabelli edir. İkincisi, Rusiya bazarında əmlakın bahalaşması həmvətənlərimizi Bakıda əmlak almağa meylləndirir. Üç ay qabaq isə fərqli mənzərə vardı. Rusiyada yaşayan və Bakıda ehtiyat üçün mənzil almış soydaşlarımız onu sataraq Moskva və ya Peterburqdan ev almağa çalışırdılar. Moskvada kavadratmetrin qiyməti iki dəfə ucuzlaşaraq 1500 dollara düşmüşdü ki, bu da Bakıda həmin aylarda müşahidə edən qiymətlərə uyğun idi. Aprelin əvvəlindən isə tərsinə proses baş verir. Çünki manatın devalvasiyası əmlak bazarında dollarla xeyli ucuzlaşmaya səbəb olub. 

Dünya bazarında son günlərdə neftin qiymətinin qalxması da manata olan təzyiqləri xeyli azaldıb. Hazırda neftin barrelinin qiyməti 60 dolların ətrafında dəyişir. Vüqar Bayramovun fikrincə, neftin qiymətinin müyyən qədər qalxması manatın dollara nisbətən bahalaşmasına səbəb ola bilər: “Əgər neftin dünya bazarı qiyməti hər barel üçün 70 dollarlıq psixoloji həddi keçib stabilləşərsə, o zaman tədiyyə balansındakı profisit pul dövriyyəsində dollar kütləsini artıracaq ki, bu da manat təklifini azaldacaq”. 

Bir çox təhlil institutları, o cümlədən ABŞ Energetika Nazirliyinin energetika məlumatları idarəsi (EİA) və Rusiya iqtisadi proqnozlaşdırma agentliyi APEKON neftin barrelinin 70 dollarlıq psixoloji həddi dekabrda keçəcəyini proqnozlaşdırırlar. Yəni dekabr ayı ətraflarında manat bahalaşa bilər. Amma Yəmən müharibəsi kimi gözlənilməz hadisələr bunu tezləşdirə də bilər. 

Lakin iqtisadçı ekspert Samir Əliyev bütün bunlara baxmayaraq, hökuməti bu məsələdə ayıq siyasət yürütməyə çağırıb. Onun fikrincə, Mərkəzi Bankdan verilən açıqlamalara diqqətlə nəzarət edilməlidir ki, bazarda süni ajiotaj yaranmasın. “Əhali düzgün məlumatlandırılmalıdır. Qeyri-müəyyənlik olmamalıdır. Rusiya sanksiyaların yaratdığı böhranın fonunda əhalidən məlumatları gizlətmədi”, - deyə Samir Əliyev ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib. 

Onun fikrincə, hökumət iqtisadiyyatın neft gəlirlərindən asılılığını azaltmaq üçün kiçik və orta sahibkarlığın inkişafının qayğısına qalmalıdır. “Bunun üçün idxalda inhisarçılıq aradan qaldırılmalıdır ki, manata təsirlər azalsın. Kiçik və orta sahibkarlığın inkişafı üçün sahibkarların ucuz maliyyə vasitələrin çıxışı da təmin edilməlidir”.

İqtisadçı ekspertin fikrincə, manata təsirlərin azaldılması üçün 2015-ci ilin dövlət büdcəsinə yenidən baxılması da vacibdir. “Büdcəyə ixtisar tətbiq etməklə manata təzyiqi azaltmaq olar. 2016-cı ilin büdcəsi də neftin real qiymətinə uyğun tutulmalıdır. Nəzərdə tutulur ki, layihədə neftin barreli 50 dollardan götürüləcək. Bu normal qiymətdir və manata elə də təzyiq göstərməyəcək”, - deyə Samir Əliyev vurğulayır. 

Bu baxımdan İSİM başçısı, iqtisadçı alim Vüqar Bayramovun bir təklifi də önəmlidir. O, Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı istiqamətində kəskin addımlar atmağı vacib sayır. Alimin fikrincə, bu, əhalinin yığım vasitəsi kimi dollar üstünlük verməsini dayandıra bilər: “Qiymətli kağızlar bazarının ölkəmizdə zəif inkişaf etməsi əhalinin qeyri-valyuta yığım imkanlarını xeyili məhdudlaşdırır ki, bu da bütövlükdə dollara tələbin yüksəlməsini şərtləndirir”./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar