“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Qazeta.info xəbər verir ki, bu açıqlama ilə Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Daha sonra məlumatda bildirilir ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir. Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı hazırlanmışdır. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.
Məlumat üçün bildiririk ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulmuşdur.
Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonu ilə müraciət edə bilərsiniz:
Tel: 404 46 99, daxili nömrələr - 129 Sevinc Məmmədova, 282 Elnarə Kazimova,
469 Günay Mamedova.