Antalyada keçirilən İyirmilər Qrupu liderlərinin samitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “G-20” çərçivəsində inkişaf etməkdə olan ölkələrə investisiya yatırımları cəlb etməyi təklif edib. Türkiyə liderinə görə “G-20” təkcə böhran və münaqişə vaxtı yada düşən bir platforma olmamalıdır.
“İnkişaf etmiş ölkələr iqtisadi durğunluqdan yaxa qurtara bilmədi. Bu il həmin vəziyyəti inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında da müşahidə edirik. Maliyyə bazarlarını yeni risklər gözləyir. Bu risklərin sırasına artıq siyasi qeyrisabitlik də qoşulmaq üzrədir”.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə İyirmilər Qrupuna sədrlik etdiyi dövrdə ilk dəfə olaraq “G-20” energetika nazirlərinin toplantısı keçirilib, həmçinin 2011-ci ildən bəri ilk dəfə olaraq böyük iyirmilərin kənd təsərrüfatı nazirləri görüşüb. /anspress/