Sabiq nazir Eldar Mahmudovun kriminal bandasına haker qrupu da daxil olub.
Qazeta.info “Qafqazinfo” -ya istinadla xəbər verir ki, bu haqda məlumatı musavat.com yayıb. Saytın xəbərinə görə, sabiq nazirin razılığı ilə həmin hakerlər vasitəsilə müxtəlif bankların sisteminə hücumlar təşkil olunub. Sonradan isə həmin banklara belə hücumların qarşısını almaq üçün MTN rəhbərliyi öz kadrlarını yerləşdirib.
Beləliklə də banklarda Eldar Mahmudovun maraqlarından çıxış edən kadrlar peyda olub. Həmin kadrlar vasitəsilə əldə olunan məlumatlar sonradan bankların rəhbərliyini daim şəxsi nəzarətdə saxlamağa imkan verib.
Hakerlər qrupu ötən ilin oktyabrında MTN-də baş tutan əməliyyatdan az əvvəl oradan qovulub. 6 nəfərdən ibarət olan qrup üzvləri ABŞ banklarının birindən 150 milyon dolları oğurlayıb və dünyanın ən müxtəlif ölkələrində yerləşən banklar üzərindən Azərbaycandakı banklardan birinə yerləşdiriblər. Həmin vaxt bank rəhbərliyi həbsdə olduğundan bankı Eldar Mahmudovun qudası Cahangir Hacıyevə yaxın kadrlar idarə ediblər. Yerli bankdakı hesaba 150 milyon dollar oturandan sonra oradan çıxarılıb.
Məsələni ABŞ-ın müvafiq qurumları araşdırıb. Hakerlərin çırpışdırdığı pulun son nəticədə Azərbaycandakı bank hesabından çıxarıldığı müəyyən edilib. Bundan sonra Azərbaycanın müvafiq qurumlarına məsələ ilə bağlı məlumat verilib.
Məsələ araşdırılıb və ölkə rəhbərliyi səviyyəsində pulun qaytarılması ilə bağlı qərar verilib. Araşdırmalar zamanı həmçinin pulu ABŞ bankından çırpışdıran hakerlərin Eldar Mahmudovun yaxın əhatəsinə daxil olan şəxslər olduğu üzə çıxıb. Məlum olub ki, həmin hakerlər tez-tez Eldar Mahmudovun yaxın ətrafı ilə görüşürlər.
Bu olaydan sonra Eldar Mahmudovun haker qrupundan xəbər yoxdur. Onların ölkədən qaçırıldığı haqda məlumatlar var. Belə ehtimallar da var ki, qeyri-rəsmi formalaşdırılan haker qrupu sabiq nazirin istəyinə uyğun olaraq bu və ya digər məmurun kompüter şəbəkəsinə daxil olmaqla məlumatlar toplayıb. Həmin məlumatlar sonradan məmurların şantaj olunmasında istifadə olunub.