Mətbuat Şurası 3 şikayəti müzakirə edib
16.09.2015 546 0.0 0

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantının gündəliyinə 3 məsələnin müzakirəsi daxil edilib.

Qazeta.info MŞ-ya istinadla bildirir ki, öncə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının «olke.az», «aznew.az» və «muxalifet.com» saytlarından müraciətinə baxılıb. Müzakirələrdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun, bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətovun, qarşı tərəfdən isə «aznew.az» saytının baş redaktoru Elçin Zahiroğlunun, «olke.az» saytının baş redaktoru Məmməd Gülməmmədovun, «muxalifet.com» saytının baş redaktoru Anar Həsənlinin məsələ ilə bağlı mövqeləri dinlənilib. Bildirilib ki, sözügedən mədəniyyət ocağı barədə son vaxtlar müxtəlif xəbər portallarında çoxsaylı materiallar dərc olunmaqdadır. Bu materialların əksəriyyətində teatr əməkdaşları olan sənət adamlarının əsasən rəhbərlik ilə bağlı narazılıqları əksini tapıb.

Komissiya belə qənaətə gəlib ki, kütləvi informasiya vasitələri daha çox Azərbaycanda teatr sənətinin nüfuzunun yüksəlməsinə xidmət edən materiallara maraq göstərməlidirlər. Təqdimatlar iş prosesinə xələl gətirən fikirlərin qabardılmasına deyil, inkişafa xidmət etməlidir. Mövcud xüsusda yalnız yaradıcılıq mübahisələri gündəmə gətirilməlidir. Bu, media orqanlarının sahəyə həssas yanaşmasının ən mühüm göstəricisidir. Müzakirələr gedişində teart və mətbuat mövzusunda tematik tədbirlərin təşkilinin jurnalistlərin sahə üzrə ixtisaslaşmasına, peşəkarlıqlarının artırılmasına dəstək baxımından zəruriliyi ifadə olunub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təmsilçiləri ümumən qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün müvafiq işlərin görüləcəyini bildiriblər.

Sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Elmira Axundovanın «bizimxeber.az» və «serhed.info» saytlarında gedən materiallarla bağlı şikayətinə baxılıb. Bildirilib ki, sözügedən saytlar əvvəllər E.Axundovanın övladı barədə başqa kütləvi informasiya vasitələrində yayımlanmış materialı dərc ediblər. Lakin bu zaman həmin yazının təkzib olunduğunu nəzərə almayıblar. Bununla da peşə prinsiplərinin tələblərinə sayğısızlıq göstərilib. Komissiya məsələ ilə bağlı rəyə gələrkən hər iki saytın da təkzib verdiyini əsas götürüb, şikayət doğuran materialların həmin KİV-lərdən çıxarılmasını tövsiyə edib.

Beyləqan rayon sakini Anar Zeynalovun vaxtilə əməkdaşı olduğu «Novator» qəzetindən şikayətinə baxılarkən məlumat verilib ki, məsələ artıq məhkəmə müstəvisinə çıxarıldığından Mətbuat Şurasının müzakirə müstəvisinə daxil ola bilməz. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar