Kamal Sunalın "Unudulmaz Şaban" filmindəkı rolu ilə yaddaşlara həkk olan "Artist Əhməd" ləqəbli türkiyəli aktyor Əhməd Çingiz hazırda Qaziantep şəhərində ayaqqabı boyaçılığı edir.
Xəbərə görə, kino sektorunda 15 illik fəaliyyətindən sonra köçdüyü Qaziantep şəhərində 31 ildir ayaqqabı boyaçılığı ilə məşğul olan aktyor yenidən aktyorluğa davam edə bilmək üçün balaca dükan axtarır.
Rol aldığı bir filmdə döyüş səhnələri vaxtı burnu qırılan aktyor bundan sonra "Yeşilçam"dan uzaqlaşıb. Aktyor kino ilə tanışlığı barədə jurnalistlərə bunları deyib:
"Orta məktəbin birinci sinfindən sonra məktəbdən uzaqlaşaraq boyaçılıq etməyə başlamışam. Şəhərimizdə film çəkildiyini eşidəndə dostlarımla birgə filmin çəkildiyi məkana gəldik. Kinonun kulisində ayaqqabısını boyadığım aktyor və rejissor Sami Tunç səhəri gün mənə həmin filmdə bir rol verdi. Bununla da "Yeşilçam" həyatım başladı"./axar.az/