Məşəl növbəti rayonda
06.05.2015 695 0.0 0

I Avropa oyunlarının məşəli Hacıqabul rayonundan sonra Saatlıya gətirilib. Məlumata görə, Saatlı şəhərinin giriş qapısında Hacıqabulda yandırılan Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.

Şəhərin Heydər Əliyev prospektində minlərlə rayon sakini yürüş iştirakçılarını böyük coşqu ilə qarşılayıb. Avropa Oyunlarının rəmzi qapısında Saatlı rayon Əhmədbəyli kənd tam orta məktəbinin şagirdi, futbolçu Mirqiyas Qiyasov məşəli qəbul edib.

Sonra 10 məşəlçi 2,9 kilometr məsafədə yürüşə başlayıb. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Ümummilli Liderin adını daşıyan meydana gəlib. Meydana toplaşanlar I Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları böyük sevinclə qarşılayıb.

Əlisoltanlı kənd tam orta məktəbinin müəllimi Vüqar Namazov səhnəyə qalxaraq, Avropa Oyunlarının məşəlini alovlandırıb. Mərasimdə aprelin 26-da Atəşgah məbədində I Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

I Avropa Oyunlarının çırağı sərbəst güləş üzrə Azərbaycan çempionu Namaz Cəfərov tərəfindən yandırılaraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Estafet iştirakçılarını qarşılayanlar arasında rayon ağsaqqalı Seyidismayıl Abbasov da vardı. O, təəssüratlarını AzərTAc-la bölüşüb: “Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ancaq xəyal kimi düşünülə bilərdi. Sevindirici haldır ki, Prezident İlham Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyəti nəticəsində bu xəyal reallığa çevrilib. Bir neçə həftədən sonra ölkəmizdə ilk Avropa Oyunlarına start veriləcək. Respublikamız bu mötəbər idman tədbirinə böyük həvəslə hazırlaşır. Bu işlərdə ilk Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti də xüsusi qeyd olunmalıdı. Bütün bunlara görə dövlətimizin başçısına və Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk”.

Rayon sakini Sahib Qafarov isə ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətinə toxunaraq deyib: “Təsəvvür edin ki, Oyunlar başlayan kimi hər gün yüzlərlə telekanal, minlərlə mətbuat nümayəndəsi, qəzet və jurnallar işini Bakı xəbərləri ilə başlayacaq. Beləliklə, onsuz da dünyada böyük nüfuz sahibi olan Azərbaycan beynəlxalq aləmdə daha çox təbliğ ediləcək və daha çox tanınacaq. Bu, böyük nailiyyətdi, daha doğrusu, Prezident İlham Əliyevin böyük qələbəsidi. Buna görə Prezidentimizə rayon gəncləri adından “Çox sağ olun!” deyirik”.

I Avropa Oyunlarının məşəlindən götürülən alov buradan Sabirabad rayonuna yola salınıb./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar