“Mərkəzi Bank 21 fevral tarixli qərarı ilə əhalini aldadıb. Bu qərarla əhaliyə külli miqdarda zərər dəyib”.
Məlumatına görə, bunu millət vəkili İqbal Ağazadə deyib. O bildirib ki, ölkədə bazarı tənzimləyən qurumlar iş adamlarını süni qiymət artımına görə xəbərdar edirlər:
“Ancaq necə olur ki, 34% bahalaşma olur? Niyə əhalinin cibinə girirlər? Əhalinin banklarda olan 3 mlrd. manat əmanətinə zərər dəyib. Maaşlar indeksasiya edilməlidir və 34%-lik bahalaşma hökumət tərəfindən kompensasiya edilməlidir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə İqbal Ağazadəyə cavab verib. O bildirib ki, əhalinin banklarda olan 3mlrd. manatlıq əmanətlərinə ziyan dəyib sözləri ilə razı deyil: “Dünyada gedən proseslərə baxın. Biz müharibə şəraitində yaşayırıq. Azərbaycanın valyuta rezervləri var. Biz bu rezervlərin hamısını məzənnəyə görə itirə bilmərik. Mən razıyam bəzi mağazalarda qiymətlər artıb. Ancaq bu məhsulların 70 %-I ölkə daxilində istehsal olunur. Niyə görə, yerli istehsalda qiymət artımı olmalıdır?”- deyə spiker bildirib.
Deputat Siyavuş Novruzov da manatın ucuzlaşması ilə bağlı məsələyə münasibət bildirib. O qeyd edib ki, maaşların indeksassiya edilməsi fikri düzgün deyil: “Belə yozmaq olmaz. Bu ancaq populizmdir. Bu məsələnin həlli iqtisadi faktorlara əsaslanır”./anspress/