Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi təsdiqlənib
07.02.2018 821 0.0 0

 Prezident İlham Əliyev fevralın 7-də Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb. 

Məlumata görə, fərmanla “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

2. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində (bundan sonra – Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

2.1.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.1.3. Agentliyin yenidən təşkili və ləğvi;

2.1.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

2.1.5. illik maliyyə hesabatlarının təsdiq edilməsi;

2.1.6. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

2.2. Agentliyə:

2.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, strukturunun təsdiq olunması.

3. Müəyyən edilsin ki:

3.1. Agentliyin nizamnamə fondu “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.13.1.2-ci yarımbəndində nəzərdə tutulmuş vəsait hesabına formalaşır və 100,0 (yüz) milyon manat təşkil edir;

3.2. Agentliyin idarəetmə orqanı 3 üzvdən ibarət İdarə Heyətidir. Agentliyin İdarə Heyəti sədrinin və onun iki müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

3.3. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Nizamnamənin 2.2.4-cü, 2.2.5-ci, 2.2.7-ci, 2.2.8-ci, 3.1.4-cü, 3.1.6 – 3.1.9-cu, 3.1.11-ci, 3.1.13-cü, 3.1.14-cü, 3.1.16-cı və 3.1.17-ci yarımbəndləri ilə müəyyən edilən Agentliyin səlahiyyətləri “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan torpaq sahələrinə münasibətdə də Agentlik tərəfindən həyata keçirilir.

4. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra, “mərkəzi icra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin balansındakı dövlət əmlakı həmin Agentliyin balansına verilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Agentliyin nizamnamə fondunun formalaşdırılması ilə bağlı məsələləri həll etsin;

5.2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanının 9.2-ci bəndində nəzərdə tutulan tikinti işlərinin mərhələlərini və ödəniş şərtlərini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində müəyyən etsin;

5.3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 2.4-cü bəndinə uyğun olaraq mənzillərin əvəzləşdirilməsinə yol verilən halları, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində müəyyən etsin;

5.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.7. Agentlik dövlət qeydiyyatına alındığı gündən üç ay müddətində bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, “mərkəzi icra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin balansındakı dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin;

5.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Agentlik:

6.1. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən etibarən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

6.2. dövlət qeydiyyatına alındığı gündən etibarən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

6.3. strukturunu, işçilərinin say həddini, əməyin ödənilməsi formaları və miqdarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, bir ay müddətində təsdiq etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

8. “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 663) aşağıdakı dəyişikliklər edilsin:

8.1. adından, 5-ci, 6-cı, 7-ci, 8-ci, 12-ci hissələrdən, 8.1-ci, 8.2-ci və 10.7-ci bəndlərdən “Prezidenti yanında” sözləri çıxarılsın;

8.2. 1–4-cü hissələr ləğv edilsin;

8.3. 9.1–9.3-cü, 10.1-ci və 10.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“9.1. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə seçilir;

9.2. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələlərini və ödəniş şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir;

9.3. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahələrində müvafiq tikinti layihəsi əsasında yaşayış binalarının və digər tikinti obyektlərinin inşasını öhdəsinə götürmüş investorlarla, habelə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçıları ilə bağlanacaq müqavilələrin yerinə yetirilməsinin təminatı məqsədi ilə, işin smeta üzrə dəyəri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən müəyyən edilən və investorlarla və ya podratçılarla bağlanılan müqavilələrdə əks olunan məbləğdə bank zəmanəti tələb edilir.”;

“10.1. ərazi zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış zonalarına (həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulan ərazilər istisna olmaqla) və ictimai-işgüzar zonalara aid edilən, hüquqi və fiziki şəxslərin istifadəsində və ya icarəsində olmayan dövlət mülkiyyətindəki torpaq sahələrinin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında həmin Agentliyin sərəncamına verilməsini təmin etsin;

10.2. xüsusi və ya bələdiyyə mülkiyyətində olan və ərazi zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış zonalarına və ictimai-işgüzar zonalara aid edilən torpaq sahələrinin mülki-hüquqi müqavilə əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlətin xeyrinə əldə edilərək Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilməsinin mümkünlüyünü həmin Agentliyin təklifləri əsasında müəyyənləşdirsin;”;

8.4. 10.3-cü bənddə “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin və “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;

8.5. 11-ci hissədə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin” sözləri ilə və “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin” sözləri “həmin Agentliyin” sözləri ilə əvəz edilsin;

8.6. 12.1-ci bənddə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;

8.7. həmin Fərmanla təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”nin 1.3-cü və 1.4-cü bəndlərindən “Prezidenti yanında” sözləri çıxarılsın./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar