Rəfael Ağayev: "Yarışa da 10 gün qalmış təlim məşq toplanışında zədə aldım, məşq yoldaşlarım məni qucağında gəzdirməli oldular"
Karate üzrə Azərbaycan milli komandası dünya çempionatına yollanıb. 25-30 oktyabr tarixlərində Avstriyanın Linz şəhərində karateçilərin, iki ildən bir keçirilən ən mötəbər yarışında 16 idmançımız iştirak edəcək.
Bu yarışda qələbə qazanacağına ən çox ümid bəslənilən idmançılarımızdan, bəlkə də birincisi, milli komandanın üzvü, 4 qat dünya çempionu Rəfael Ağayevdir. O, yarış öncəsi Sputnik-in əməkdaşı ilə həmsöhbət olub.
- Bir neçə gün öncə ayağınızdan ciddi zədə almışınız. Bu, sizə dünya çempionatında döyüşməyə maneə olmayacaq ki?
— Mən həmişə zədəli olmuşam. Buna baxmayaraq, var gücümü toplayıb döyüşmüşəm. Hətta 4 dəfə əməliyyat olunmuşam. Bu yarışa da 10 gün qalmış Qəbələdə təlim məşq toplanışında zədə aldım, məşq yoldaşlarım məni qucağında gəzdirməli oldular. Bakıya gələrək həkimlərin köməyi ilə bir qədər zədəmi sağaltdım. Ayağım tam sağalmasa da, yenə məşqləri buraxmıram. Həm çəkim artıq gəlməsin, həm də formamı itirməyim deyə, var gücümlə məşq edirəm.
- Bu dəfəki dünya çempionatından gözləntiləriniz necədir?
— Dünya çempionu olmuşam və bunun nə dərəcədə çətin olduğunu bilirəm. Ən son 2010-cu ildə dünya çempionu oldum, 2012-ci ildə dünya çempionatının finalçısı oldum. 2014-cü ildə zədə səbəbindən dünya çempionatına qatıla bilməmişəm. Bu il də məsuliyyətlə hazırlaşmışam. Artıq 31 yaşım var. Yaş sözünü deyir. Ona görə əlimdən gələni etməliyəm. Ailəmin və müəllimlərimin köməyi ilə, bütün gücümü ortaya qoyub, o yarışda himnimizi səsləndirməliyəm.
- Rafael Ağayev üçün dünya çempionatında ən təhlükəli rəqib kimdir?
— Mənim çəkimdə 90 idmançı mübarizə aparacaq. Hər bir idmançını daim izləyirəm. Amma ən güclü rəqiblər — İtaliyadan olan, 2015 Avropa oyunlarında finalda döyüşdüyüm idmançı, bu il Avropa çempionatında final mərhələsində döyüşdüyüm türk idmançısı və ukraynalı karateçidir.
- Qarşıdan 2020-ci il Tokio Olimpiadası gəlir və karate idman növü ilk dəfə bu yarışlarda təmsil olunacaq. 34 yaşınızda olimpiya çempionu olmağa iddialısınız?
— İnsan ürəkdən nə istəyirsə, ona nail olur. İdman karyeramı yarıda saxlamaq istəmirəm. 2020-ci il olimpiya oyunlarına qatılmağı düşünürəm. Belə bir deyim var ki, "olimpiadada iştirakın özü uğurdur". Amma mən belə düşünmürəm. Mən yarışa gedirəmsə, medal qazanmaqla uğur əldə edirəm. Hələlik qarşıda dünya çempionatı, 2017-ci ildə İslam oyunları var. Ondan sonra əsas məqsədim olimpiya oyunları olacaq.
- İdman karyeranızı başa vurduqdan sonra, ümumiyyətlə idmandan gedəcəksiz, yoxsa…?
— Əlbəttə, yox. İdmandan istəsəm də, ayrıla bilmərəm. Karate elə idman növüdür ki, illərlə məşğul olsan da, yenə öyrənməli olursan. İdman karyerama son qoysam da, Azərbaycanda karatenin inkişafına dəstəyimi davam etdirəcəm./sputnik.az/