Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət quruluşu əleyhinə fəaliyyət göstərməkdə, dini düşmənçilik yaratmaqda, qəsdən adam öldürməkdə, oğurluq, quldurluq və terrorçuluqda ittiham olunan “Umar Abu Mücahid” ləqəbli Nurəddin Xəlilovun və onun rəhbərlik etdiyi 17 nəfərik radikal dini dəstənin növbəti məhkəmə iclası keçirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.
Məhkəmə prosesi başlayan kimi təqsirləndirilən şəxslər hər zaman olduğu kimi, bu dəfə də hakimə etiraz edərək, “hökmün Allaha məxsus olduğunu” bildiriblər. Onların valideynləri övladlarını düz yola qayıtmaqlarını arzulayıb: "Sizin beyninizi yuyublar. Ağlınızın ucbatından ömrünüzü zindanda keçirəcəksiniz".
Təqsirləndirilənlərdən "Xalid" ləqəbli Əhməd Kərimov qohumlarına bildirib ki, heç kimin ona yazığı gəlməsin: "Mən Allahın əsgəriyəm, düz yoldayam. Mənə yazığı gələnlərə deyin ki, əksinə, mənim onlara yazığım gəlir, çünki cahildirlər. Mənimsə yolum haqq yoludur".
Prosesdə vəkillər müdafiə çıxışı ediblər. Onların bir çoxu müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmə prosesi iyulun 11-davam edəcək.
Xatırladaq ki, ötən həftə dövlət ittihamçısı “Abu Mücahid” ləqəbli Nürəddin Xəlilovun ömürlük, Rəşad Həşimli, Müşfiq Mikayılov, Əhməd Kərimov, Coşqun Kərimbəyli və Bahadur Məmmədovun 20 il, Fəxri Şirinzadə, Rufiz Bəyimov və Zaur Əliyevin 18 il, Pərviz Şıxaliyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Samir Məmmədov və Niyaməddin Xəlilovun 16 il, Anar Rzayev, İlqar Musayev və Ceyhun Abdullayevin isə 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ifadə verməkdən imtina ediblər. Onlar ittihamlarla razılaşmır, məhkəməni qəbul etmir, yalnız Allah qarşısında mühakimə oluna biləcəklərini deyirlər.
DİN-in məlumatına görə, 24 noyabr 2014-cü ildə Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirilmiş meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun zəngin adam olması barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilən Nurəddin Xəlilova, Müşfıq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl-zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.
Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gediblər. Səhər saat 4 radələrində üzlərinə maska taxıb quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxularaq, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, “Vinçester” markalı tüfəng, “Revolver” tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapacaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanmış dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb.
Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, dəstə üzvlərinin 18 mart 2014-cü ildə və 18 iyul 2014-cü ildə Bakı şəhər sakinləri Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək, ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə 1 ov tüfəngi oğurladıqları müəyyən edilib.
Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etmələri də məlum olub. Mütəşəkkil dəstənin 18 üzvü həbs edilib.