Fevralın 22-də Xırdalandakı 9 saylı orta məktəbin XI sinif şagirdi, 1997-ci il təvəllüdlü Aytən Məmmədovanın (ad şərtidir) xalası oğlu tərəfindən qaçırılması çoxuna bəlkə də adi hadisə kimi gəldi. Çünki qız qaçırma hər necə olsa da adiləşib. Çoxu belə hallara adi baxır. A.Məmmədovanın məktəbli olması faktı da problemə elə bu cür ənənəvi yanaşmanın kölgəsində qaldı. Ən maraqlısı odur ki, qaçırılan qızın anası - Abşeron rayonu, Quşçuluq massivi, Hüseyn Arif küçəsi, 2-də yaşayan Təhminə Vəliyevanın sensasion sayılacaq açıqlaması da qulaqardına vuruldu. O, iddia edirdi ki, bacısı oğlu azyaşlı qızını yüngül həyat tərzinə cəlb etməklə pul qazanmaq üçün qaçırıb...
Harayının heç yerə çatmadığını deyən Təhminə Vəliyeva virtualaz.org saytına müraciət edərək özünün və digər azyaşlı qızının da həyatının təhlükədə olduğunu bildirdi.
"Fevralın 22-də bacım Rəna Vəliyeva və onun oğlu Kamran Ağamalıyev bizə gəldi. Qızım onların məqsədini başa düşdü, tez o biri otağa keçib qapını bağladı. Bacım oğlu üstümə hücum etdi, məni döyməyə başladı. Bacım isə qızı qolundan tutub sürüyə-sürüyə çölə çıxardı və apardı. Kamran qızıma dedi ki, mənimlə gəlməsən, balaca bacının başına oyun açacam, ananı isə öldürəcəm. Qız qorxusundan maşına mindi. Maşının arxasınca qaçdım, qolumu maşının qapısının arasında qoydular, məni sürüyə-sürüyə evə saldılar. Səhəri gün yataqdan dura bilmədim.
Fevralın 24-də isə Xırdalandakı polis bölməsinə rəsmi ərizə ilə müraciət etdim. Mənim qızım azyaşlıdır, onu zorla qaçırdılar. Bacım oğlu Kamran polis bölməsinin həyətində mənə dedi ki, qızından istifadə edəndən sonra geri qaytaracam. Hələ polis əməkdaşı eşidə-eşidə “balaca qızının da qiymətini de, onu da alacam” deyə qışqırmağa başladı. Bundan sonra bacımdan SMS mesajlar aldım. O yazırdı ki, oğlum qızından istifadə edəndən sonra geri qaytaracaq.
Polis bölməsində ərizəmə baxmırlar. Əksinə, mənim yanımda bacıma dedilər ki, aparıb toy elə, sonra istəsən Dubaya da apara bilərsən, heç kim sənin işinə qarışa bilməz. Bacım pulundan istifadə edərək bütün qapıları üzümüzə bağlayıb.
Qızı qaçırılan Təhminə Vəliyeva bacısı Rəna ilə münasibətimiz həmişə kəskin olduğunu, illər küsülü qaldıqlarını deyir: "Mən həyat yoldaşımdan ayrılmışam, dərzilik edərək ailəmi dolandırıram. Həyat yoldaşım daim bizi döyüb-söyüb təhqir edirdi. Bir gün anamgilə, bir gün əmimgilə sığına-sığına uşaq böyütmüşəm. Bacım da mənim kimsəsiz, yoxsul olduğumu bilirdi. Hətta bir dəfə təklif etdi ki, gəl səni də özümlə Dubaya aparım, orada pul qazanarsan, özünə ev, maşın alarsan. Mən onun dediklərinə əhəmiyyət vermirdim. Amma qardaşım da mənim qızımı bacım oğluna verməyimi istəyirdi. Deyirdi ki, mən sizin arxanızda dayanmışam, oğlan ayrıca ev alacaq, qızın sənin kimi yoxsulluq çəkməyəcək, bacın isə bu münasibətə qarışmayacaq. Mən də şərt kəsdim ki, toy yalnız qız məktəbi bitirəndən sonra olmalıdır. Onlar da razılaşdılar. Amma Kamran sonradan qızımdan siqaret, qəlyan çəkməyi öyrənməyi tələb etdi. Qıza deyirdi ki, naz-işvə bilmirsən, özünü dəyişməlisən. Sonra Kamranın narkotikdən istifadə etdiyini eşitdim. Buna görə də nişanı geri qaytarmağı tələb etdim. Bacım Rəna bilir ki, arxam-dayağım yoxdur. Ona görə də mənim köməksizliyimdən istifadə edərək qızlarımın başına bu cür oyun gətirir. İndi qardaşım da deyir ki, öz işinizdir, özünüz həll edin, məni bu məsələyə qatmayın".
Təhminə xanım qızını Dubaya aparılacağından əmin olduğunu deyir: "Bacım dilini başa düşmədiyim Əhməd adlı oğlanla tez-tez Dubaya gedir. Əhməd Dubay vətəndaşıdır. Son vaxtlar Rənanın bədəni şişməyə başlayıb, ona görə Dubaya gedib-gəlməyə ara verib. Əgər istəsələr yoxlaya bilərlər. Bacım qohumlarımızın birinə də Dubaya getməyi təklif edib. Ona deyib ki, burada qalsan, heç nəyin olmayacaq, mənimlə Dubaya gedək, sənə şərait yaradacam, özünə hər şey ala biləcəksən. Amma qız atasının qorxusundan bu məsələni gizli saxlayıb.
Bacım Rəna martın 3-də mənə mesaj yazıb. Yazıb ki, “darıxma, oğlum qızını bir az işlətsin, doyanda geri qaytaracaq”. Bu mesajdan sonra mən ona necə inanım? Bacım qızıma deyir ki, çox utancaqsan, aktiv ol, belə vəziyyətdə heç kim səninlə maraqlanmaz, mənə ev işi lazım deyil, sənin aktivliyin lazımdır, sən anan kimi olmayacaqsan, səni Dubaya aparacam, özünüzün maşınınız olacaq. Qız almaq istəyən qayınana onun siqaret çəkməsini niyə istəsin? Bacım deyir ki, özün kimi kasıb yaşamaqdansa mənim kimi varlı yaşasınlar.
İndi də deyirlər ki, qızım 2 aylıq hamilədir. O, fevralın 22-də qaçırılıb. Necə ola bilər ki, iki aylıq hamilə olsun? Qızımla yalnız bir dəfə təklikdə görüşə bildim. Onda da çəkiliş və hüquq müdafiəçiləri vardı. Qızım ağlaya-ağlaya dedi ki, indiyədək sənə zülm edən atama neyləyə bildin ki, bunlara da edə biləsən. Sonra bacım qışqırdı ki, qarnındakı biclə geri dön, görüm sənə kim sahib çıxacaq. Qız qorxusundan geri qayıdıb oturdu. İndi deyirlər ki, qız razıdır, axı onların qorxusundan elə danışır. Mən qızımın geri qaytarılmasını tələb edirəm.
Qaçırılan qızım 2 aydır dərsə getmir. Balaca qızım da IX sinifdə oxuyur. O da qorxub, dərsə getmir. Keçən dəfə məktəbə getmişdim, oğlan bizi maşını ilə izləyirdi. Deyir ki, sizi harada görsəm döyəcəm. Mənə deyir ki, o qızını da aparacam. Ona görə də qorxuram".
Qeyd edək ki, Təhminə Vəliyeva “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə də müraciət edib. Birliyin sədri Mehriban Zeynalova saytına deyir ki, 9 saylı orta məktəbin şagirdi 2 aydır dərsdən yayınır, amma məktəbdən bununla maraqlanmayıblar: “Azərbaycanda qızların nikah yaşı 18 yaş müəyyənləşdirilib. Yalnız müstəsna hallarda icra orqanının razılığı ilə 17 yaşında nikaha daxil olmağa icazə verilir. Qarşı tərəf həmin icazəni təsdiq edən sənəd təqdim etmir. Bundan əlavə, qızın təhsil hüququ pozulub. Qız təhsilini başa vura bilmədiyindən attestat da ala bilməyəcək”.
Hüquq müdafiəçisi dedi ki, məsələ ilə bağlı Daxili İşlər və Təhsil nazirliklərinə, Ailə, Qadın və Uşaq Problemləri Komitəsinə müraciət edəcək: “Komitə erkən nikahlara qarşı kampaniya aparır. 1997-ci il təvəllüdlü qızın məktəbdən yayındırılaraq qaçırılmasına da hüquqi qiymət verilməli, məsələ hərtərəfli araşdırılmalıdır”.
Təhminə Vəliyevanın dilindən səslənən bu ittihamlarla bağlı Abşeron rayonu, Quşçuluq massivinin sahə müvəkkili Kamal Şükürova müraciət etdik.
K.Şükürov bildirdi ki, nəzarət etdiyi ərazidən onlara qız qaçırılması ilə bağlı şikayət daxil olmayıb: “Ümumiyyətlə, son illər qız qaçırılması ilə bağlı şikayət daxil olmayıb. Lakin şikayətçi əlaqə saxlayıb təhqiqatın kim tərəfindən aparıldığını söyləyə bilər. Bundan sonra öyrənib məsələyə münasibət bildirə bilərəm”.
K.Şükürov onu da dedi ki, yetkinlik yaşına çatan şəxslərin müstəqil qərar qəbul etmək hüququ var: “Ola bilər ki, qız öz istəyi ilə getdiyini deyib. Həddi-buluğa çatmış şəxsin azad yaşamaq hüququ var. Qadın şikayət edibsə, ona cavab veriləcək”./anspress/