"Bakı şəhəri üzrə Təhsil İdarəsinin "Azəristiliktəchizat" ASC-yə bu il paytaxtda fərdi qazanxanaları olan məktəblərə istiliyin verilməsi ilə bağlı müraciətinə müsbət rəy verilib. Noyabrın 1-dən fərdi qazanxana işləyən təxminən 117 məktəbə istilik verilib".
Məlumatı görə, bunu idarənin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, havaların soyuq keçməsi ilə əlaqədar orta məktəblərə istiliyin vaxtından əvvəl verilməsinə ehtiyac yaranıb. Müvafiq qaydalara görə isə istilik noyabrın 15-dən aprelin 15-ə qədər verilir: "Mərkəzləşdirilmiş qaydada istiliyin verilməsi yalnız orta məktəblərə şamil edilmir. Digər müəssisələr və fərdi yaşayış binaları istiliklə bu tarixlərdə təchiz olunur. Məsələ kütləvi xarakter daşıdığından bizə istiliyin noyabrın 15-də veriləcəyi deyilib. Hazırda Bakıda 135 məktəb mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təchiz edilir. Həmin məktəblərə istilik noyabrın 15-dən veriləcək".
Təhsil İdarəsinin müdiri əlavə edib ki, havaların soyuq olması məktəblərdə şagirdlərin davamiyyətinə mənfi təsir edir.
“Ümumilikdə isə məktəblərdə dərsə davamiyyətlə bağlı məsələdə heç bir problem yoxdur”, - deyə o, əlavə edib./apa/