Məktəb direktorlarının iş yerinin dəyişdirilməsi qaydaları açıqlanıb
23.03.2017 968 0.0 0

Məktəb direktorların iş yerinin dəyişdirilməsi və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi qaydaları açıqlanıb.
 
Məlumata görə, Təhsil Nazirliyinin 3 mart 2017-ci il tarixli 126 nömrəli əmri ilə təsdiq edilmiş Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydalarına əsasən ümumi təhsil müəssisələrinin direktorlarının iş yerinin eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) dəyişdirilməsi üçün yerli təhsili idarəetmə orqanı Təhsil Nazirliyinə təqdimat göndərir. Nazirlik tərəfindən bu qaydaların müvafiq bəndi ilə müəyyənləşdirilmiş tələblər gözlənilməklə və Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin rəyi öyrənilməklə müvafiq qərar qəbul edilir.
 
Qaydalarda göstərilir ki, çalışmanın yaş həddinə çatmış direktorlarla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılıb - uzadılmaması ilə bağlı isə yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə təqdimat göndərilir. Əmək Məcəlləsinin 10-1-ci maddəsinin və bu qaydaların müvafiq bəndinin tələbləri gözlənilməklə, müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəyi öyrənilməklə direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması və ya uzadılmaması barədə qərar qəbul edilir. Müsbət qərar qəbul edildikdə müqavilə müddəti Nazirlik tərəfindən hər dəfə 1 ildən çox olmayan müddətə uzadılır. Qeyd edilən tələblər çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Çalışmanın yaş həddinə çatmış direktorlarla əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılıb-uzadılmaması ilə bağlı yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə təqdimat göndərilir.
 
Nazirlər Kabinetinin 31.10.2011- ci il tarixli 180 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi) və bu qaydaların müvafiq bəndinin tələbləri gözlənilməklə, müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəyi öyrənilməklə direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması və ya uzadılmaması barədə qərar qəbul edilir. Müsbət qərar qəbul edildikdə müqavilə Nazirlik tərəfindən hər dəfə 1 ildən çox olmayan müddətə uzadıla bilər.
 
Qaydalara görə, direktorların iş yerinin dəyişdirilməsi və çalışmanın yaş həddinə çatmış direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması barədə yerli təhsili idarəetmə orqanlarının Nazirliyə ünvanladığı təqdimat namizədin dövlət təltifinin olması, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması, son 1 ildə barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, son 3 il ərzində rəhbərlik etdiyi məktəbin IX sinif üzrə buraxılış imtahanlarında müsbət dinamika və nəticələrin rayonun orta göstəricilərindən aşağı olmaması, məzunların ali məktəblərə qəbul göstəricilərində irəliləyişin olması, beynəlxalq və respublika fənn olimpiadalarında şagirdlərin qalib adını qazanması ilə bağlı məlumat və təhlillərə əsaslanmalıdır. /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar