Yasamal rayon Məhkəməsində Leyla Yunus və Arif Yunusun müraciətinə baxılıb.
Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, məhkəmə onların müraciətini təmin etməyib. Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.
Qeyd edək ki, Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər.
Ərizədə qeyd olunub ki, həkim ekspertin rəyinə əsasən, Leyla Yunus xroniki hepatit, arterial hipertenziya, şəkərli diabet xəstəliklərindən əziyyət çəkir, öd kisəsindəki bir böyük daş pankreatit fəsadlarla şiddətli qarın ağrılarına səbəb olur və bu xəstənin xəstəxanada yerləşdirilməsinə, daşın çıxarılması üçün təcili əməliyyat olunmasına ehtiyac var.
Arif Yunus isə şiddətli, həyati təhlükəli arterial hipertenziya (3-cü dərəcə, 240/120), 2 dəfə iflicdən sonrakı vəziyyət, arxa boyun nahiyyəsində naməlum ağrılardan əziyyət çəkir, gələcək fəsadların, həmçinin xəstənin ölümünün qarşısının alınması üçün onun yüksək ixtisaslaşdırılmış xəstəxana şəraitində nəzarət altında olması zəruridir.
Qeyd edək ki, Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.
Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində isə Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb.
2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb./apa/