Misirin hazırda həbsdə olan keçmiş prezidenti Məhəmməd Mursiyə səhhətində yaranmış problemlə əlaqədar müdaxilə edilməzsə, həyatını itirə bilər.
“Haber7”yə istinadən xəbər verilir ki, bu barədə onun ailəsi məlumat verib.
Bildirilib ki, həbsxanada təkadamlıq kamerada saxlanılan Məhəmməd Mursi diabet, yüksək qan təzyiqi və qaraciyər xəstəsidir.
Britaniya parlamenti komitəsi və bir neçə hüquq müdafiəçisi Mursinin həyatının təhlükədə olduğunu təsdiqləyib. Onların qənaətincə, lazımi tibbi yardım göstərilməzsə, Mursi həyatını itirəcək.
Qeyd edək ki, Misirin 5-ci prezidenti Məhəmməd Mursi 2012-ci il iyunun 30-dan 2013-cü il iyulun 3-də hakimiyyətdə olub. 2015-ci il mayın 16-da Məhəmməd Mursi və daha 16 nəfər barəsində ölüm hökmü çıxarılmışdı. 2016-cı il iyunun 18-də beynəlxalq ictimaiyyətin təzyiqi nəticəsində bu hökm ömürlük həbs cəzası ilə əvəzlənib./Report/