Dövlət Sosial Müdafiə Fondunun Kollegiyası “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
Məlumata görə, dəyişiklik yaşayış yerini dəyişməklə və ya pensiyaçının vəfatı ilə əlaqədar pensiya işlərinin qeydiyyatdan çıxarılması və qəbul edilməsi ilə əlaqədardır.
Pensiyaçı yeni yaşayış yerinə köçməsi ilə əlaqədar pensiyaçının uçot vərəqinin qeydiyyatdan çıxarılması haqqında uçotda olduğu şöbəyə ərizə verir. Pensiyaçıya köçdüyü ay da daxil olmaqla pensiya ödənilir. Uçota götürülmə pensiyaçının yeni yaşayış yerinə əvvəlki yaşayış yerindən köçməsi göstərilməklə ərizəsinə əsasən aparılır. Bu zaman pensiyaçı yeni yaşayış yerində yaşadığını təsdiq edən sənədləri təqdim edir. Bu Qaydaya əsasən indiyə qədər məcburi köçkünlərdən bununla bağlı şəxsiyyət vəsiqəsi və faktiki yaşayış yerindən arayış tələb olunub. Bundan sonra isə faktiki yaşayış yerindən arayış əvəzinə məcburi köçkün statusunu təsdiq edən vəsiqə tələb olunacaq.
Qeyd edək ki, pensiyaçının köçənə qədər uçotda olduğu şöbədən pensiyaçının pensiya işinin və uçot vərəqinin alınması üçün ərizənin verildiyi tarixdən 3 gün müddətində sorğu göndərilir. Sorğunun göndərildiyi şöbənin müdiri sorğunu aldıqdan sonra 5 gündən gec olmamaqla pensiya işinin, pensiyaçının uçot vərəqinin və pensiyadan tutulma (əgər varsa) haqqında icra vərəqinin göndərilməsini təmin edir. Göndərilmə məktubunun surəti sifarişli poçt qəbzi ilə birlikdə şöbədə saxlanılır. İcra vərəqinin göndərilməsi haqqında əlaqədar şəxslərə və orqanlara məlumat verilir. Pensiyanın ödənilməsinin yeni yaşayış yeri üzrə bərpası pensiyaçının uçot vərəqi alındıqdan sonra şöbə müdirinin sərəncamı əsasında əvvəlki yaşayış yerində pensiyanın dayandırıldığı tarixdən aparılır./apa/