Əlvida Qərb: dünya siyasəti dəfn olundu
20.02.2017 1180 0.0 0

Hər il dünyanın ən nüfuzlu siyasətçilərini bir araya gətirən, Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransı bu il tam fərqli idi. Çünki dünyanın siyasəti dəyişir, indiyədək mövcud olan geosiyasi konstruksiyalar işlək və mütəhərrik olmadığından ciddi problemlər yarananda mexanizm yerində saymağa, axsamağa və hətta dayanmağa başlayır.

Həmişə və hər yerdə özünü stabillik, rifah, demokratiyanın nümunəsi, idealı və ibrət götürüləsi təqlid məkanı kimi təqdim edən Qərb ağrılar içində qovrulur. Ziddiyyətlər, qarşıdurmalar, pərişanlıqlar və zəifliklər Qərbi parçalamağa başladığından yeni reallıq dəyişikliklər, islahatlar tələb edir.

Qərb seçim qarşısındadır: ya dəyişərək özünü qorumalı, ya da hər şeyi olduğu kimi saxlayaraq məhvə doğru yeriməlidir.

 

 

 

Dünya siyasətinin "ağır çəkili" siyasətçiləri, dövlət və hökumət başçıları da dəyişən geosiyasətin prinsiplərini anladıqlarından yeni oyun qaydalarını müəyyənləşdirməyə çalışdılar.

Əvvəl başladılar ABŞ-dan...

"Əfsuslar olsun ki, ABŞ artıq Qərbin simvolik siyasi və mənəvi lideri rolunu oynaya bilmir. Birləşmiş Ştatların prezidenti postuna Donald Trampın seçilməsi, əslində, ABŞ-ın bayraqdar olduğu, hamının bənzəməyə çalışdığı və qibtə ilə baxdığı ənənəvi Qərbin sonudur. Avropanın qarşısında duran əsas məsələ bu itkilərin fəsadlarını azaltmaq, məhvdən qurtulmaqdır".

Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqer Tagesspiegel-ə müsahibəsində belə demişdi.

40 illik karyeraya malik çox təcrübəli, müdrik diplomatın dediyinə görə, o, Avropada belə qeyri-stabillik, Qərbin belə səbatsızlığını hələ görməmişdi.

 

 

İşinqerin müsahibəsindən daha bir iqtibas: "Təhlükəsizlik məsələlərinin həlli və xarici siyasət indiyədək sərt, anlaşılan qaydaları olan aydın fəaliyyət idi. indisə yeni, qarşılaşmadığımız, hədsiz dərəcədə xaotik şərtlərlə qarşılaşmışıq. Vəziyyət ifrat dərəcədə təhlükəlidir".

Münhen Konfransının təşkilatçıları 90 səhifəlik "Post-Truth, Post-West, Post-Order?" ("Posthəqiqət, postqərb, postqayda?") adlı məruzə hazırlamışdılar.

Qərb siyasətçiləri, Avropa Birliyi və NATO-nun analitikləri ilk dəfə olaraq etiraf etdilər ki, qlobal səviyyədə qarşıdurmalar artır, liberal sayılmayacaq siyasətçilərin və təşkilatların təsir imkanları artır.

Tvitter-də #MSCreport və #MSC2017 heşteqləri ilə yayılan, geniş və aktiv müzakirə edilən sənəddə əsas məsələlər dünya siyasətinin və xüsusilə də liberal demokratiyanın böhranı, Avropada təhlükəsizlik və müdafiə siyasətində qüsurlarla yanlışların sayının hədsiz artmasıdır.

ABŞ-dakı nüfuzlu Pensilvaniya Universitetinin "dünyanın ən yaxşı beyin mərkəzi" adlandırdığı Münhen Konfansı bu məruzənin hazırlanmasında bir sıra məşhur universitetlərlə və təşkilatlarla əməkdaşlıq edib.

 

 

Sənəddə əsas məqam budur: indi güc və vəhdətin tələb olunduğu anda Qərb parçalanıb, zəifləyib. Avropalı siyasətçilər bir-birləri ilə və ABŞ prezident Donald Trampla didişməkdə ikən Avropa Birliyi ölkələrində törədilən terror aktlarının sayı artır, ifrat sağçı və radikal millətçi partiyaların nüfuzu güclənir, Çin və Rusiya isə ekspansiya siyasətini davam etdirirlər.

"Belə narahat, təlaşlı və ağır dönəmdə Avropa Birliyində, Qərbdə qətiyyətli siyasət yürüdərək ənənəvi Qərb dəyərlərini qoruyacaq şəxs, qüvvə yoxdur. Situasiyada sürətli tənəzzül meylləri var. Üstəlik, saxta, yanlış xəbərlərin sayının artması nəticəsində adi insanlar, obıvatellər reallıqla əlaqəni itirir, yalanlara inanırlar", - məruzədə deyilir.

 

 

Dünya siyasəti dağıldı. Yenisini qurmaq gərək...

Münhendəki Təhlükəsizlik Konfransında səslənən çoxsaylı çağırışlar, edilən nitqlər, aparılan müzakirələrin leytmotivi çox sadə cümlədir: "Mövcud dünya siyasəti dağılıb. Yenisini qurmaq gərəkdir".

ABŞ-ın illərdən bəri yürütdüyü "Pax Americana" geosiyasi strategiyası artıq işləmir. Birləşmiş Ştatların dünya hegemonu kimi davranmasına, istənilən zaman istənilən ölkənin daxili işlərinə qarışmasına əsaslanan doktrina müqavimət gücü qarşısında zəifləyib. Birqütblü dünya, bir ölkənin hegemon sayıldığı vəziyyət ABŞ-ın özü üçün ciddi problemlər yaradıb.

Üstəlik, ən müxtəlif ölkələrdə "rəngli inqilab"lar vasitəsilə hakimiyyət dəyişikliklərinə yönəlmiş ssenarilərin sonucları gözlənilən və təxminlənən kimi olmadı.

Onillər əvvəl Britaniyanın o dönəmdəki baş naziri Uinston Çörçilin Fultondakı məşhur nitqi "soyuq savaş" və "dəmir pərdə"nin əsasını qoydusa, Münhendə dünən başa çatan konfrans bu savaşın yaramazlığını, "dəmir pərdə"nin də siyasətə dağıdıcı zərbələr vurduğunu etiraf etdi.

Münhendəki konfrans həm də ABŞ-ın dünya siyasəti arenasında tam, şəksiz və absolyut hegemoniyasının sonunun çatdığını konstatasiya etdi.

 

 

Rusiya və Çin müstəqil siyasət yürüdür, zərurət yarananda mövqelərini hədsiz sərt şəkildə qoruyurlar. Avropa Birliyi tarixinin ən ağır böhranının girdabınldadır. ABŞ-da isə hakimiyyətə Donald Tramp gəlib. O şəxs ki "America first!" ("İlk əvvəl Amerika!") deyərək ölkənin daxili problemlərinin həllini dünya miqyasında amerikan demokratiyasının zor gücünə yayılmasından üstün tutur.

Amerikalılar təlaşdadır və məhz bu sbəbdən də qorxmuş avropalıları sakitləşdirmək üçün Münhen konfransına ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə müdafiə naziri, "Crazy dog" ("Quduz it") ləqəbli Ceyms Mettis qatılmışdılar.

 

Pensin konfransda çıxışı uzun müddət unudulan deyil. Onun dediyinə görə, ABŞ tərəfdaşlarını və müttəfiqlərinin arxasındadır, onları qoruyur, Vaşinqtonla Avropanı uzun illərdən bəri davam edən əməkdaşlıq bağlayır. Pens daha sonra söylədi ki, ötən əsrdə, 1914-cü ildə ABŞ Birinci Dünya Müharibəsinə qatıldı: "Burada, Almaniya torpaqlarında on minlərlə amerikalı uyuyur. İndisə on minlərlə amerikalı almanların sakitliyini, əmin-amanlığını qoruyur. ABŞ ilə Avropanın taleləri birləşib. Sizin əzablarınız bizim ağrılarımız, sizin uğurlarınız bizim uğurlarımızdır. Gələcəyə birlikdə gedirik".

Pensin bu sözləri alqışlarla qarşılandı. Lakin ABŞ-ın vitse-prezidenti daha sonra NATO üzvü olan ölkələri üzərilərinə götürdükləri öhdəliklərə tam riayət etməyə və ÜDM-in 2 faizini müdafiə xərclərinə sərf etməyə çağıranda avropalı siyasətçilər, dövlət və hakimiyyət başçıları əl çalmadılar.

 

 

Ceyms Mettis də avropalıları sakitləşdirməyə çalışdı. Onun dediyinə görə, NATO onları tək qoyan deyil və bu səbəbdən müdafiə xərclərini artırmaq gərəkdir.

"NATO sərhədlərində qeyri-stabillik qövsü yarandığından millətlərimizin birliyi təhlükə qarşısındadır", - ABŞ-ın müdafiə naziri söylədi.

Amerikalı senator Con Makkeyn "sakitləşdirmə proseduru"nu davam etdirdi: "Dostlar, təhlükəli zamandır. Amma şübhə etməyin ki, Amerikaya güvənə bilərsiniz. Ümumiyyətlə, bir-birimizə güvənməliyik".

Fəqət, belə bravur, bəlağətli və nikbin açıqlamalar Avropa Birliyi ilə ABŞ-ın vəhdət formalaşdırdığını, Qərbin bir bütöv olduğunu göstərmir.

Aydın oldu ki, ABŞ-ın indi əsas məqsədlərindən biri NATO-nun maliyələşdirilməsində Avropa Birliyinin rolunu artırmaqdır. Avropa ölkələri prinsip etibarilə etiraz etmirlər. Amma ödənişlərin vaxtını mümkün qədər uzatmaq, üstəlik, bu ödənişlərin və xərclərin məbləğlərini maksimum dərəcədə azaltmaq istəyirlər.

İkinci əsas problem isə Avropa Birliyinin daxilindəki ziddiyyətlər, qarşıdurmalar və təbəddülatlardır.

Əslində, AB ölkələri arasında "səlahiyyət və müstəqillik səviyyəsi" mübahisələri illərdən bəri davam edir. Lakin indi bu müzakirələr qarşıdurma səviyyəsinə yüksəlib.

Rusiyanın XİN başçısı Sergey Lavrov da bunu dedi. Əgər 2014-cü ildə Münhendəki konfransda S.Lavrovun çıxışı fitəbasma və çəpiklərlə müşayiət olunurdusa, indi zal ona diqqətlə qulaq asırdı.

"Hələ illər əvvəl biz Qərbə xəbərdarlıq edərək demişdik ki, birqtüblü dünya düzəni taktikası artıq yarıtmazdır, polisentrik, çoxqütblü dünya düzəninə ehtiyac duyulur. Ötən illər ərzində dünya siyasətində nə Qərbə meyllilik, nə də təhlükəsizlik və stabillik müşahidə olunmadı. Yetər ki, Yaxın Şərqdə və Şimali Afrikada, habelə başqa regionlarda zorakı, məcburi "demokratikləşdirmə" cəhdlərinin nəticələrinə baxaq", - S.Lavrov söylədi.

 

 

Rusiyanın xarici işlər naziri Qərbə aşkar xəbərdarlıq da etdi: "Rusiya özünü qorumaq iqtidarındadır. Lakin biz münaqişə axtarmırıq və istənilən məsələ ilə bağlı konstruktiv dialoqa hazırıq. Ədalətli müzakirələr vasitəsilə çözülməyəcək məsələ yoxdur. Belə olardısa, posthəqiqət dövrünü aşardıq, dünya ona sırınan isterik informasiya savaşlarından qurtularaq, yalan və uydurmalara vaxt ayırmadan ədalətli işə keçərdi. Qoy bundan sonrakı dövr postfeyk vaxtı olsun".

Qərbin ənənəvi siyasəti artıq qürub dövrünü yaşayır. Amma dünya düzəni, qlobal geosiyasət hansısa konfransa ölmür, dirilmir, yaranmır və ya məhv olmur.

Yeni dünya siyasəti, yeni düzən mübarizədə formalaşır. Mübarizə başlanıb.

Qərb böhrandadır, çaşıb, nə edəcəyini bilmir

Azərbaycan belə şəraitdə maraqlarını daha aktiv, daha səbatlı şəkildə təmin edərək indiyədək Bakıya təzyiqlər göstərməyə çalışan qüvvələrə və güclərə suveren, səbatlı siyasətinin doğru olduğunu bir daha əyan edə bilər.

 

... Osvald Şpenqler hələ 1918-ci illə Avropanın qürubundan bəhs etmiş, "Der Untergang des Abendlandes" əsərində Qərbin ənənəvi siyasətinin və düşüncəsinin təhlükəli olduğunu vurğulamışdı.

Azərbaycan da artıq illərdir ki, Qərbə anlatmağa çalışır: ölü formaların dərk vasitəsi qanundursa, canlıların anlam vasitəsi analogiyadır.

Qərb isə hədsiz dərəcədə kasad siyasi metodologiyasında dəyişikliklər etmək istəmirsə, alternativ xətti tarixin mövcudluğunu qəbul etmirsə, qüruba doğru daha sürətlə gedəsidir.../Milli.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar