Rusiyanın LUKOİL şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarov Moskvada avtoxuliqanlıq etməsi ilə əlaqədar polis tərəfindən saxlanılıb.
RBK-ya istinadən verilən xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin paytaxt üzrə idarəsinin məlumatında deyilir.
R. Şamsuarovun işi inzibati qaydada baxılması üçün məhkəməyə göndərilib.
Məlumatda bildirilir ki, R. Şamsuarov “Mercedes Gelandewagen” avtomobili ilə polis əməkdaşlarının qarşısında yol hərəkəti qaydalarını pozub və polisdən gizlənməyə çalışıb. Saxlanılan zaman isə yoldaşları ilə birlikdə polis tərəfindən cərimələnərək buraxılıb.
Moskva polisinin rəhbəri Anatoli Yakunin işi nəzarətə götürərək tabeliyində olan əməkdaşların avtoxuliqanları yalnız cərimələyərək buraxması ilə razılaşmayıb. Nəticədə "Mercedes"in sürücüsü Abdulvahib Macidov, habelə sərnişinlər Viktor Uskov və Mara Baqdasaryan polisin qanuni əmrinə tabe olmadıqları üçün inzibati qaydada həbs ediliblər.
Avtomobilin sahibi Ruslan Şamsuarov isə polisdən gizlənib. A. Yakunin onun məhkəmə qarşısına çıxarılacağını söyləyib.
Qeyd edək ki, avtoxuliqanlar qanunsuz hərəkətlərini videoya çəkərək internetdə paylaşdıqları üçün bu hadisə ictimaiyyətdə hay-küyə səbəb olub. R. Şamsuarov LUKOİL şirkətinin neft və qaz hasiarı üzrə baş vitse-prezidenti Azat Şamsuarovun oğludur./apa/