Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlinə etiraz olaraq Ermənistanın Londondakı səfirliyi qarşısında aksiya keçirilib.
Məlumata görə, iyulun 8-də iki yaşlı Zəhranın qanlı cəsədini nümayiş etdirən fotoşəkillərini yaydıqdan sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) fəalları və Azərbaycan diaspor üzvləri Ermənistan səfirliyinin pilləkənləri üzərinə beş əzilmiş və "qana bulaşmış" müqəvva yerləşdiriblər.
Bu rəmzi aksiyanı diaspor üzvləri Füzuli rayon Alxanlı kənd sakinləri olan iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın təmas xəttinə yaxın ərazidə yerləşmiş işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi ilə əlaqələndiriblər.
Bu fakt dinc əhalinin təhlükəsizliyi təmin etmək məqsədilə 12 avqust 1949-cu il tarixdə qəbul olunmuş Cenevrə Konvensiyası və digər beynəlxalq sazişlərin tələblərinə ziddir.
Ermənilərin törətdikləri bu vəhşilik Böyük Britaniya, Fransa, Belçika və Avropa Parlamentinin üzvləri, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların siyasətçiləri tərəfindən pislənib.
Bu insan faciəsi gündəmə Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsini və erməni qoşunlarının münaqişə ərazisindən çıxarılmasını tələb edən dörd BMT qətnaməsinin yerinə yetirilməsinin zəruriliyini göstərir./Trend/