Məlumata görə, bunu Prezident Admnistrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransda çıxışı zamanı deyib.
Ə. Həsənov bildirib ki, Şura 7 ildir fəaliyyət göstərir və gələn il Şurada ikinci sədrlik dövrü başa çatır: “Bu, hər bir təşkilat üçün mühüm bir dövrdür. Əgər Şura bu dövr ərzində bir iş görə bilibsə, deməli o, səmərəli fəaliyyət göstərib və bundan sonra yaşamağa layiqdir. Şura Azərbaycan cəmiyyətində öz yerini təsdiqləyib, 7 ildə kifayət qədər müsbət fəaliyyət göstərib. Şuranın xətti ilə 2008-2014-cü illərdə 2 mindən çox layihə maliyyələşdirilib. Bu layihələrin maliyyələşdirilməsinə 20 milyon manata yaxın vəsait sərf olunub ”.
Ə. Həsənov qeyd edib ki, Azərbaycan dövləti tərəfindən QHT-lərin maliyyələşməsi təkcə Şura vasitəsi ilə deyil, digər qurumlar, nazirliklər və komitələr tərəfindən də həyata keçirilir: “Bu ildən QHT-lərin fəaliyyətinin vahid koordinasiyası, xüsusilə də qrant fəaliyyətinin həyata keçirilməsinin əlaqələndirilməsi dövlət başçısının sərəncamı ilə Şuraya həvalə olunub. Qrantların nəticələrinin dəyərləndirilməsinə vahid yanaşma olacaq”.
Ə. Həsənov müstəqillik dövründə Azərbaycanda QHT-lərdən ibarət III sektorun formalaşdığını vurğulayıb: “Bu gün Azərbaycanda qeydiyyatdan keçmiş 3 minə yaxın QHT var” deyə bildirib.
Daha sonra , bəzi kənar müdaxilələrə diqqət çəkən Ə. Həsənov maraqlı dairələrin verdiyi subyektiv qiymətdən asılı olmayaraq, Azərbaycanda QHT sektorunun fəaliyyəti bəlkə də dünyada ən nümunəvi olduğunu söyləyib.
Ə. Həsənovun sözlərinə görə, heç kim deyə bilməz ki, Azərbaycan siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə görə ona müraciət etdiyi sahə üzrə qrant verilməsindən imtina olunub. “Şura üzvləri hər bir təşkilatın müraciətini dəyərləndirib, sonra onlara qrant ayrılıb. Amma bu gün bizə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti sahəsində ağıl öyrətmək istəyən həmin o bəzi dairələrin, dövlətlərin burada verdikləri qrantlara baxın. İllərdi, o qrantları eyni istiqamətlər üzrə eyni təşkilatlar, bəlli sahələr üzrə idarə olunan, lazım olanda Azərbaycan dövlətinə, onun maraqlarına qarşı istifadə edilən insanlar alırlar. Çox uzağa getmirəm, bu günlərdə ABŞ-ın Demokratiyaya Yardım Milli Fondunun keçirdiyi dinləmələrdə iştirak edərək Azərbaycanı təmsil edən QHT-lərə baxın. Onlar bizim yaralı yerimiz olan, neçə illərdir ki Azərbaycan dövlətinin bütövlünü, suverenliyimizi pozan, bizim milli dövlətçiliyimizə ciddi problem yaradan və Dağlıq Qarabağı təmsil edən “QHT-lər”lə bir araya gəlib, heç bir etiraz etmədən, heç bir münasibət ortaya qoymadan Azərbaycandakı vəziyyəti “postulatlar” çərçivəsində təhlil etdilər. Onları burada təbliğ edən qüvvələr - siyasi partiyalar, bəzi mətbuat orqanları da var. Eləsinlər, bu onların öz işidir. Amma Azərbaycana ağıl öyrətməsinlər, demokratiya dərsi keçməyə çalışmasınlar. Azərbaycana III sektorun fəaliyyəti ilə bağlı özlərinin subyektiv mülahizələrini və postulatlarını zorla təlqin etməsinlər. Bu, Azərbaycandakı QHT sektorunun fəaliyyəti və ortaya qoyduğu mövqe, QHT-lərə verdiyi sifarişlər və aldığı nəticələr, bu da həmin demokratiya carçısı olan dövlətləri təmsil edən donor təşkilatlarının fəaliyyəti...”
Ə. Həsənov qeyd edib ki, Azərbaycana qarşı vahid mərkəzdən siyasət formalaşdırılır: “Təkrar edirəm, hakimiyyətə qarşı deyil, Azərbaycanın, ölkənin milli maraqlarına qarşı vahid mərkəzdən siyasət formalaşdırırlar. Qondarma “DQR”i təmsil edən şəxslər və “QHT”-lərin nümayəndələri ilə bir arada oturub, heç bir etiraz etmədən, onlara heç bir rəy bildirmədən Azərbaycandakı vəziyyəti təhlil etmək elə onlardan heç nə ilə fərqlənməmək deməkdir. Belələri ictimai qınağa tuş gəlməlidir. Bir dəfə mən ictimai qınaqla bağlı danışdım. Onları müdafiə edən qüvvələr iddia etdilər ki, Azərbaycan hakimiyyəti QHT-lərdən və bəzi anti-Azərbaycan qüvvələrindən qisas almağa çalışır. Xeyr! Burada qisasdan söhbət getmir. Burada sadəcə olaraq ictimai qınaqdan söhbət gedir. İctimai qınaq sözlərlə həyata keçirilir. İctimai qınaq heç vaxt kiməsə qarşı fiziki tədbir və digər bu kimi vasitələri nəzərdə tutmur. Əgər onlar ictimai qınaqla insana qarşı bu və ya digər fiziki təqibi fərqləndirə bilmirlərsə, bundan sonra siyasətlə məşğul olmalarının, yaxud da cəmiyyətə nəyisə təlqin etmələrinin heç bir mənası yoxdur. Bu anlamda həm QHT-lər, həm də Dövlət Dəstəyi Şurası belə məsələlərə öz münasibətini bildirməlidir”. //APA