Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını şərh edib.
Qazeta.info Publika.az-a istinadən xəbər verir ki, rusiyalı nazir növbəti məhdudiyyətlərin heç bir əsas olmadan tətbiq edildiyini deyib.
“Bu proses üçün Ukraynadakı vəziyyətə istinad edilməsi, məncə, ciddi müşahidəçilərdə təbəssüm yaradır. Təəssüf ki, Avropa İttifaqındakı həmkarlarımız hiyləgər düstur arxasında gizləniblər: sanksiyalar Minsk razılaşmalarının Rusiya tərəfindən yerinə yetirilməsindən sonra ləğv ediləcək. Biz Avropa İttifaqındakı dostlarımızı yenə Minsk razılaşmalarına hörmət etməyə dəvət edirik. Orada kifayət qədər aydın yazılıb ki, kim və nəyi hansı ardıcıllıqla etməlidir. Mən amerikalı həmkarlarımızın da rusofob düşkünlüyü haqqında təəssüfdən başqa heç nə söyləyə bilmirəm”, - Rusiya naziri Fransanın Xarici İşlər Nazirliyinin başçısı Jan-İv le Drianla Moskvada keçirdiyi mətbuat konfransında deyib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə “RİA-Novosti” agentliyinə bildirib ki, ABŞ tərəfindən tətbiq olunan yeni sanksiyalar Moskvanın siyasi kursuna təsir etməyəcək.
ABŞ Maliyyə Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar dünən 38 fiziki və hüquqi şəxs barəsində sanksiyaları tətbiq edib. Sanksiyaların altına Rusiya və Donbasın işğal altında olan ərazisindən 19 hüquqi və 19 fiziki şəxs, həmçinin Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Sergey Nəzərov düşüb.
“Bu sanksiyalar Ukrayna münaqişəsinin diplomatik həlli üçün Rusiyaya təzyiqi artıracaq”, - ABŞ Maliyyə Nazirliyinin başçısı Stiven Mnuçin bildirib.
Amerika məmuru əlavə edib ki, sanksiyalar Rusiyanın Minsk razılaşmalarını yerinə yetirənə kimi saxlanılacaq.