Sergey Lavrov Ermənistanda etiraz aksiyası ilə qarşılanacaq. Məlumata görə, aprelin 21-i Lavrovun İrəvana səfərinin ilk günü yerli vaxtla 18:30-da bir qrup erməni Azadlıq meydanından yürüşlərə başlayacaq. Onlar əvvəlcə Ermənistanın Xarici İşlər Nazirliyinə (XİN), daha sonra isə Rusiyanın Ermənistandakı səfirliyinin önünə gedərək iki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinə öz tələblərini bildirəcəklər.
Yürüş təşkilatçılarının bəyanatında deyilir: “Biz Dağlıq Qarabağda baş verən son hadisələrdən özümüzə dərs çıxartdıq. Dörd gün davam edən müharibə bizə çox pis təsir etdi. Odur ki, biz tələb edirik: Ermənistan Azərbaycana torpaqların qaytarılmasında güzəştə getməməlidir".
Ermənilər ötən gün də Rusiyaya qarşı aksiya keçiriblər. Aksiya iştirakçıları məşhur biznesmen Levon Ayrapetyanın həbsdən azad edilməsini tələb ediblər. Yürüş İrəvanın Respublika meydanında başlayıb. İştirakçılar əvvəlcə Ermənistanın xarici İşlər Nazirliyinin (XİN) binasına, sonra isə Rusiya səfirliyinə yollanıblar.
Mitinq iştirakçıları Ermənistanın XİN-nə gedərək ora məktub veriblər. Məktubda nazirliyin biznesmenin azad edilməsində vasitəçi olması tələb olunub. Bundan başqa, onlar XİN nümayəndələrindən rusiyalı həmkarları ilə dərhal əlaqə qurmağı tələb ediblər.
Daha sonra Rusiyanın Ermənistandakı səfirliyinə gedərək eyni tələblə onlara da məktub veriblər./anspress/