Lavrov: “Rusiya ABŞ-la münasibətlərin normallaşdırılmasına hazırdır”
Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonla danışığı zamanı Moskvanın əvvəlki kimi Vaşinqtonla ikitərəfli münasibətlərin normallaşdırılmasına və əməkdaşlığa hazır olduğunu qeyd edib. “RİA Novosti”yə idtinadən verdiyi xəbərə görə, bu barədə XİN-nin məlumatında bildirilir.
“Lakin, bu yalnız bərabər hüquqluluq, qarşılıqlı hörmət və maraqların balanslaşdırılması əsasında mümkündür”, - deyə məlumatda bildirilir.
Lavrov qeyd edib ki, ABŞ-ın Rusiyadakı diplomatik mülkiyyətinə qarşı Moskvanın məhdud sayda, lakin tamamilə adekvat şəkildə gördüyü tədbirlər məcburi addım olaraq, heç də “gözə-göz” “dişə-diş” xarakteri daşımır.
Moskva ötən gün avqustun 1-dən ABŞ-ın diplomatik missiyalarının əməkdaşlarının sayının azaldılmasına, səfirliyin Moskvadakı anbar obyektlərindən və səfirin bağ evindən istifadəsinin dayandırılmasına dair qərar verib. Müvafiq notalar səfir Con Tefftə təqdim edilib. Bu addım ABŞ-ın Rusiyaya qarşı siyasətinə və hazırladığı yeni sanksiyalara cavab tədbiridir. ABŞ səfiri Moskvanın bu addımına çox təəssüf etdiyini bildirib.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar haqqında qanun artıq bu gün ABŞ prezidenti Donald Trampa təqdim olunub.
Bundan əvvəl ABŞ Senatı qanunu qəbul edib. Senatorların əksəriyyəti sənədi dəstəkləyib.
Daha əvvəl isə ABŞ Konqresinin Nümayəndələr Palatası sanksiyalar üzrə qanun layihəsini qəbul edib. Sənədi 419 konqresmen dəstəkləyib, 3 nəfər əleyhinə səs verib. Hazırda Palatanın 435 səsvermə hüququna malik üzvü var.
Səsvermənin nəticələri onu göstərir ki, prezident sənədi imzalamaqdan imtina edəcəyi təqdirdə (Senatın təsdiqindən sonra), Palata ölkə başçısının vetosunu qüvvədən salmaq iqtidarında olacaq.
Qəbul edilə biləcək yeni sanksiyalar 2014-cü ildən bu vaxtadək Rusiya qarşı tətbiq edilən sanksiyalar paketindən daha miqyaslı və kompleksli ola bilər.
Qeyd edək ki, qanun layihəsində yer alan bəndlərdən biri sanksiyaları yumşaltmazdan və ya ləğv etməzdən əvvəl prezidentə bu cür qərarları qabaqcadan konqresmenlərlə razılaşdırmağı məcbur edir.
Bundan əvvəl bu tip tədbirlər prezidentin fərmanı və ya Maliyyə Nazirliyinin müvafiq qərarları ilə tətbiq edilirdi.