Qazeta.info bildirir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda Vəfa Abbasovaya məxsus "Laçın" marketdə aparılan yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilmişdir.
Belə ki, marketdə təklif olunan malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq olmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar olunmuşdur.
Əsassız qiymət artımına yol vermiş şəxs barədə qanunvericiliyə uyğun tədbir görülmüşdür.
Bundan başqa, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində Telman Pənahova məxsus "Ruslan 93" marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülmüşdür.
İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.