Ötən gün “Əl Cəzirə”yə müsahibə verən “Ən Nusra cəbhəsi” lideri Suriyanın paytaxtını ələ keçirməklə yanaşı, bir sıra vacib açıqlamalar da verib.
Məlumata görə, “Əl Qaidə” terror təşkilatının Suriya briqadası olan “ən Nusra cəbhəsi” (Cəbhan an-Nusra) lideri Əbu Muhamməd əl-Qolani hədəflərinin Qərb olmadığını vurğulayıb.
“Sadəcə bir işi görmək üçün buradayıq; o da: rejimlə mübarizə aparmaq. “Ən Nusra cəbhəsi” Qərbi hədəf seçmir və bizə bu yöndə əmr verilməyib. Rejimə qarşı mübarizəmizi baltalamaq məqsədilə bizdən ABŞ və Avropaya qarşı hücumlar etməyimiz istənildi”, – deyə əl-Qolani bildirib.
O, həmçinin “Xorasan” adlı qrupun da mövcud olmadığını, bunun sadəcə diqqəti yayındırmaq üçün ortaya atılmış bir hiylə olduğunu vurğulayıb: “Xorasan qrupu deyilən bir qrup yoxdur. Amerikalılar ictimaiyyəti çaşdırmaq üçün belə bir addım atıblar. Bu gizli təşkilatın ABŞ-ı vurmaq məqsədilə qurulduğu deyilir, amma bu yalandır.”
Onu da qeyd edək ki, ötən ilin ortalarında “ən Nusra cəbhəsi”nin Suriyada fəaliyyət göstərən digər radikal qruplaşma olan İŞİD-lə birləşdiyi iddia edilirdi./anspress/