Kütləvi həbslər: Nə baş verir? (VİDEO)
14.05.2015 986 0.0 0

Son günlərdə bir sıra kütləvi informasiya vasitələrində bir qrup azərbaycanlı iş adamının hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edilməsi və hətta həbsi barədə məlumatlar yayılıb.

ANS TV-nin “Virtualaz” saytına istinadən verdiyi məlumata görə, onların sırasında, Dövlət Bayrağı Meydanı kompleksi idarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin rəhbəri Rəşad Məmmədov və “AzMeCo” şirkətinin rəhbəri Nizami Piriyevin adları da var.

Artıq Dövlət Bayrağı Meydanının sabiq rəisi, Rəşad Məmmədovun barəsində Səbael Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçdiyi barədə də məlumat yayılıb.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Rəşad Məmmədovun hazırda həbsdə saxlanıldığını təsdiqləyir:

“Məndə olan məlumata görə, Dövlət Bayrağı Meydanının sabiq rəisi Rəşad Məmmədov həbs olunub. Hazırda o, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılır. Artıq məhkəmənin bununla bağlı müvafiq qərarı var. Eyni zamanda Rəşad Məmmədov vəkillə təmin olunub”.

Rəşad Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub. Sabiq rəisə qarşı Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham irəli sürüldüyü hələlik açıqlanmır.

Bir sıra KİV-lər isə Rəşad Məmmədovun qohumu və şəriki Azər Əsgərovun da həbs olunduğu haqda məlumat yayıb. Tutulan digər biznesmen Nizami Piriyev barəsində Nərimanov məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Piriyevin vəkili Muxtar Mustafayev isə bizə məsələ ilə bağlı açıqlama verməmək qərarında olduğunu bildirdi. 

Bu məlumatlarla bağlı ANS TV Respublika Baş Prokurorluğuna müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu məsələ ilə Daxili İşlər Nazirliyinin məşğul olduğunu deyib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Orxan Mansurzadə isə bununla bağlı açıqlama veriləcəyini bildirilib.

“Virtualaz” saytının məlumatına görə, saxlanılanlar arasında keçmiş deputat “Qlobus plaza”nın sahibi Dünyamin Xəlilov da var.

İstintaqa cəlb edilənlər arasında “Avesta” konserninin prezidenti, “Xəzər adaları” layihəsinin ideya müəllifi və rəhbəri Hacı İbrahim Nehrəmlinin də olduğu barədə internet portallarda məlumat yayılıb./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar