Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” təqdim edilib.
Məlumata görə, yeni onlayn xidmət istifadəyə verildikdən sonra əvvəl mövcud olmuş bir prosedur aradan qalxacaq. Belə ki, notariusda daşınmaz əmlaka dair alınan alqı-satqı sənədləri artıq onlayn rejimdə qeydiyyat idarələrinə göndəriləcək. Bununla da, vətəndaşın sənədləşmə üçün yenidən qeydiyyat idarəsinə getməsinə ehtiyac qalmayacaq.
Ümumilikdə isə əgər əvvələr qeydiyyat üçün 4 prosedur tələb olunurdusa, yeni onlayn xiidmətin istifadəyə verilməsindən sonra bu say ikiyə enib. Gələcəkdə isə daha bir neçə yeni onlayn xidmətin istifadəyə verilməsi nəzərdə tutulub.
Yeni onlayn xidmət vətəndaşlara bir sıra üstünlüklər vəd edir. Bu xidmətin istifadəyə verilməsi nəticəsində vətəndaşların əlavə vaxt sərf etməsinə ehtiyac qalmayacaq. Eyni zamanda, prosedurun daha operativ və şəffaf həyata keçirilməsinə imkan verəcək.
Hazırda Komitənin fəaliyyət sahəsi üzrə 3 SMS, 31 elektron xidmət, o cümlədən iki onlayn xidmət vətəndaşların istifadəsindədir.
Xatırladaq ki, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bir sıra prosedurlar, vətəndaşların mənzillərin alqı-satqısını rəsmiləşdirmək və zəruri arayışı almaq işi ötən il də asanlaşmışdı.
Daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (yəni "Forma 1") əmlak barədə sərəncam verənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin müvafiq ərazilər üzrə yerləşən notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edə biləcəklər.
Eyni zamanda, daşınmaz əmlak obyektinə sərəncam vermə barədə notariat qaydasında təsdiqlənmiş müqavilənin daşınmaz əmlakın dövlət reyestrini aparan Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarına göndərilməsi elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində həyata keçiriləcək./anspress/