Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Yana Kudryavtseva bugün Milli Gimnastika Arenasında keçirilmiş yarışın əvvəlində əsəbilik keçirdiyini bildirsə də, o, bədii gimnastika üzrə fərdlər arasında çoxnövçülük finalında qızıl medal qazanmaq üçün cəld bir şəkildə özünü ələ almağı bacarıb.
"Əsas rəqibim özüməm. Birinci öz öhdəmdən gəlməliyəm ki, daha sonra qarşı tərəfin öhdəsindən gələ bilim” - deyən gimnast, davam edən yarışlarda 76,100 xal qazanaraq üstünlüyü ələ keçirib və qızıl medala sahiblənərək oyunu başa vurub.
Bakı 2015 ilk Avropa Oyunlarında bugün baş tutmuş bədii gimnastika yarışları üzrə gümüş medalın da sahibi Rusiya olub. Gimnast Marqarita Mamuna 75,650 xal toplayıb.
Bürünc medal isə 73,100 xal qazanmış Belarusiyanı təmsil edən Melitina Staniutaya sahib olub.
Qızıl medala layiq görülmüş 17 yaşlı Kudryavtseva, dramatik musiqinın müşayiəti ilə gimnastika alətlərini əla idarə etmə qabiliyyəti nümayiş etdirib. O, çıxışında istifadə etdiyi dörd gimnastika alətindən üçü üzrə ən yüksək xalları qazanıb.
Bədii gimnastikada fərdlər arasında çoxnövçülük finalı üzrə ən yüksək nəticə göstərən idmançılar lent, top və gürzlə çıxış etmiş Kudryavtseva və qurşaq alətindən istifadə edərək hərəkətlər icra edən digər rusiyalı idmançı Mamun olub.