Kubada 28 May - Respublika Günü münasibətilə bayram tədbiri keçirilib
27.05.2017 630 0.0 0

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Azərbaycanın Kubadakı səfirliyi Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində geniş bayram tədbiri keçirib.

Səfirlikdən verilən məlumata görə, tədbirdə Kubanın Xarici İşlər Nazirliyinin rəsmiləri, ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri, Kubanın hakim Kommunist Partiyasının Mərkəzi Komitəsi, Milli Asambleyası, hökumət qurumlarının rəsmiləri və yerli mətbuat təmsilçiləri iştirak etmişlər.

Bayram tədbiri Kuba və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır. Tədbirdə çıxış etmiş Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov Azərbaycan Demokratik Respublikasının tarixi və əldə etdiyi nailiyyətlərdən bəhs etmiş, ölkəmizin dövlətçilik tarixində ADR-in silinməz iz buraxdığını bildirmişdir.

Azərbaycanın 1991-ci ildə müstəqilliyini elan edərək, yenidən dünya birliyinin tam və bərabər hüquqlu üzvü olduğu diqqətə çatdırılmışdır. C.Salehov müstəqilliyimizin ilk illərində Azərbaycanın böyük sınaqlardan keçdiyi haqda məlumat vermiş və qeyd etmişdir ki, yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi fəaliyyəti və xidmətləri sayəsində Azərbaycanın suverenliyini qoruyub saxlamaq və ölkəmizin davamlı inkişafını təmin etmək mümkün olmuşdur.

C.Salehov Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinin nəticələrindən bəhs edərək, bu təcavüz nəticəsində Azərbaycanın 20 faiz beynəlxalq miqyasda tanınmış ərazilərinin indiyədək işğal altında saxlandığı və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirmişdir. Diplomat, ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa ediləcəyinə xalqımızın əmin olduğunu diqqətə çatdırmışdır. Bu xüsusda, münaqişənin beynəxalq hüququn norma və prinsiplərinə əsasən həll edilməsi üçün Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyət, xüsusən dost ölkələr tərəfindən birmənalı dəstəklənməsinin vacib əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Bununla yanaşı C.Salehov qeyd etmişdir ki, Azərbaycan qarşılaşdığı təcavüzün ağır nəticələrinə baxmayaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası hazırda da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Beynəlxalq aləmdə mövqelərini daha da möhkəmlədən Azərbaycanın iqtisadiyyatının davamlı olaraq sürətlə inkişaf etməsi və regionun siyasi-iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən ölkəsinə çevrildiyi haqda məlumat verilmişdir.

Qeyd edilmişdir ki, çoxmədəniyyətli zəngin və qədim tarixə malik olan Azərbaycan dünya miqyasında öz tolerantlığı və sülhsevərliyi ilə tanınmışdır. Bunun həm Azərbaycan hökumətinin dinlər və mədəniyyətlər arasında harmoniyanı təşviq edən dövlət siyasəti və eyni zamanda xalqımızın sülhsevər mədəniyyət irsi ilə bağlı olduğu bildirilmişdir.

Azərbcaycanın beynəlxalq əlaqələrində Kubanın və bütün Kuba xalqının əhəmiyyətli yeri olduğu bildirilmiş və ölkəmizin Latın Amerikasında ilk diplomatik ofisinin 2007-ci ildə məhz Kubada açılmasının da təsadüfi olmadığı qeyd edilmişdir.

Tədbirdə çıxış etmiş Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzinin Avropa idarəsinin rəisi Qladis Elena Ayllon Respublika Günü münasibəti ilə təmsil etdiyi təşkilat adından Azərbaycan səfirliyinə təbriklərini çatdırmış və 2017-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubiley tarixinin qeyd edildiyini vurğulamışdır.

Qladis Elena ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixindən və hazırda əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluqla bəhs etmişdir. Eyni zamanda, Xalqlar Dostluğu İnstitutunun rəsmisi vurğulamışdır ki, Kubaya qarşı tətbiq edilən iqtisadi, ticarət və maliyyə blokadasının aradan qaldırılması ilə bağlı BMT çərçivəsində Azərbaycanın Kubaya verdiyi davamlı dəstəyə görə Kuba xalqı və hökuməti daim minnətdar olacaqdır.

Minlərlə kubalı gənclərin XX əsrin ikinci yarısında Azərbaycanın ali təhsil ocaqlarında təhsil aldığını diqqətə çatdıran Qladis Elena, həmin vətəndaşların hazırda Kubanın müxtəlif şəhərlərində yüksək səviyyəli mütəxəssis kimi çalışdıqlarını xatırlatmışdır.

Daha sonra bayram tədbiri Havana Uşaq-Gənclər Simfonik Orkestrinin gənc ifaçılarının çıxışından ibarət konsert proqramı ilə davam etmişdir. Qonaqlar, həmçinin Azərbaycana həsr edilmiş sərgi salonunu ziyarət etmişlər. Tədbir zamanı Azərbaycanın klassik və xalq mahnıları səsləndirilmişdir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar