Moskvada Rusiya prezidenti Vladimir Putinlə Almaniya federal kansleri Angela Merkel arasında görüş keçirilib.
Məlumata görə, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə Rusiya paytaxtında olan Angela Merkel Vladimir Putinlə ilk öncə Aleksandr bağında yerləşən naməlum əsgərin məzarı önünə əklil qoyublar.
Daha sonra isə Kremldə hər iki ölkə lideri arasında görüş başlayıb.
Vladimir Putin görüşdə Rusiya ilə Qərb arasında mövcud olan problemlərin Moskva-Berlin münasibətlərinə mənfi təsir etdiyini söyləyib: "Biz Rusiya ilə Almaniya arasında münasibətlərin uğurla inkişaf etdirilməsi üçün çox şey etmişik və bu istiqamətdə çox şeyə nail olmuşuq. Bu gün məşhur problemlər mövcuddur. Bu problemlərin bizim münasibətlərə mənfi təsiri nə qədər tez bitsə, bir o qədər yaxşı olar. Biz, bunun üçün səy göstərəcəyik".
"Ümid edirəm ki, bugünkü görüşdə ikitərəfli münasibətlər, ümumilikdə Avropa Birliyi ilə münasibətlərin inkişafı haqqında və əlbəttə ki, Ukraynadakı vəziyyət haqqında danışıqlar aparacağıq",- deyə Rusiya prezidenti qeyd edib.
Putin Rusiya-Almaniya münasibətlərinin Ukraynadakı vəziyyətin qiymətləndirilməsinə görə yaxşı vaxtlar yaşamadığını bildirib. Ukraynadakı vəziyyətdən danışan Rusiya lideri bütün çətinliklərə baxmayaraq Minsk prosesinin hərəkət etdiyini və Ukraynada sakitliyin hökm sürüdüyünü qeyd edib: "Bütün bunlara baxmayaraq bir sıra problemlər qalmaqda davam edir".
Mekrel isə görüşdə Almaniyanın Rusiya ilə işləməyə hazır olduğunu bəyan edib: "Ən çətin vəziyyətlərdə həll yolunu tapmaq üçün Rusiya ilə işləməyə hazırıq. Biz öz təcrübəmizdən dərs çıxarmışıq. Çətin vəziyyətlərdə bizə işləmək, əməkdaşlıq etmək olduqca vacibdir. Həmin çətin vəziyyət hazırda mövcuddur. Yaxşı ki, bu gün ikitərəfli münasibətləri, Rusiya-AB münasibətlərini və əlbəttə ki, Ukraynadakı vəziyyəti və bu ölkənin ərazi bütövlüyün müzakirə etməyə imkan var.
Mən görüşdən və İkinci Dünya Müharibəsinin bitməsinin 70 illiyi münasibəti ilə günahsız qurbanların, Sovetlər İttifaqı insanlarının xatirəsini yad etmək üçün Moskvaya gəlməyimdən çox məmnunam. Biz onların qarşısında baş əyirik "./apa/