«Kredit oliqarxları» milyonlarla pulu necə yeyib?
17.06.2015 705 0.0 0

Ötən ay hüquq-mühafizə orqanları tərəfindən bir-birinin ardınca saxlanılan “kredit oliqarxları”nın həbs dalğası cəmiyyətin və mətbuatın əsas müzakirə mövzusuna çevrildi.

Beynəlxalq Banka kredit borcu olan bir neçə məşhur iş adamı bu dalğada həbs olundu. Onlardan bəziləri “Bandotdel”də dindiriləndən sonra sərbəst buraxılsa da bir neçəsi barədə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçildi.

Saxlanılanlar arasında neft oliqarxı, “PNN Group”un təsisçisi, Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azİmport” şirkətinin rəhbəri, Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və digərləri vardı. Adıçəkilən şəxslər külli miqdarda - on milyonlarla pul mənimsəməkdə ittiham olunurlar.

Bu ittihamlar nə dərəcədə əsaslandırılıb? Əslində nə baş verir?

Qazeta.info bildirir ki, Virtualaz.org saytının bu və digər suallarını “kredit oliqarxları”ndan ikisinin - Nizami Piriyevin (N.Piriyev artıq azad olunub-red.) və Adil Hüseynovun hüquqlarını müdafiə edən vəkil Kamandar Nəsibov cavablandırır.

-Müdafiə etdiyiniz şəxslərə qarşı dələduzluq və kredit vəsaitlərinin mənimsənilməsi kimi ciddi ittihamlar irəli sürülüb. Lakin heç biri ittihamlarla razılaşmayıb. Bu barədə nə deyə bilirsiniz?

-İttihama görə, guya bir qrup şəxs əlbir olaraq və Beynəlxalq Bankı aldatmaq yolu ilə onların etibarından sui-istifadə edərək cinayət əlaqəsinə giriblər. Bu, uydurma bir ittihamdır, biz bu ittihamların heç biri ilə razı deyilik. Çünki ittihamın heç bir əsası yoxdur. Heç kim heç kimi aldatmayıb. Adil Hüseynova 318 milyon manat krediti mənimsəməklə bağlı ittiham verilib. Bu pul kredit şəklində şəxsən onun özünə verilməyib. Bu adam o pulları almayıb. Ayrılan kreditlər köçürülmə yolu ilə şirkətlərə köçürülüb. Adil Hüseynov tekstil və metaltökmə zavodunun sahibi olmayıb. Hər iki zavodun sahibi “İntermet” şirkətidir. “İntermet” şirkətinin sahibi isə iki digər şirkətdir. Biri “Golden Bat”dır, sahibi çeçen əsilli Hüseyn Marayevdir. Digər 50 faizin sahibi isə “Camelot Oil and Gaz” şirkətidir. Bu şirkətin sahibi isə Fransa vətəndaşı Xaqani Bəşirovdur.

Bu gün Adil Hüseynovu təcridxanaya salmaq nə dərəcədə qanunidir, nə dərəcədə məntiqlidir? Düzdür, o, Beynəlxalq Bankın rəhbərliyi tərəfindən ora nəzarətçi kimi qoyulmuşdu. Hər iki zavod Beynəlxalq Bankın kredit vəsaiti hesabına tikilib. Tikinti 2003-cü ildə başlayıb. Tekstil zavodu 3 ildir ki, fəaliyyət göstərir. Həmin zavodun açılışında Beynəlxalq Bankın rəhbəri, Dubay şeyxi, Azərbaycanın vergi orqanlarının nümayəndələri də iştirak edib. Təxminən 200-ə yaxın işçisi var idi, işçilərin 95 faizi qovulub, işsiz qalıb. Onların 50-60 nəfəri Azərbaycan vətəndaşları idi, Dubayda işləyirdilər. Bir daha deyirəm ki, bu işdə dələduzluq məsələsi yoxdur. 

“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi, dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Lakin bankla vətəndaş arasında bağlanmış kredit müqavilələri tərəflər üçün müəyyən öhdəliklər yaradır. Bu öhdəliklərin icra edilməməsinə görə şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi qanunvericiliyə ziddir. Həmçinin ölkəmizin tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı protokolda da qeyd edilir ki, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu, həmçinin gələcəkdə hüquq-mühafizə orqanları üçün neqativ təcrübəyə çevrilə bilər. Nəzərə alaq ki, bu gün ölkədə banklardan pul götürüb, sonradan müəyyən səbəblərə görə onu ödəmək imkanı olmayan şəxslər var. Belə məsələlər birmənalı olaraq mülki məhkəmə icraatı qaydasında həll edilməli olan işlərdir.

-Amma ölkədə dələduzluq cinayətlərinin sayının son vaxtlar artdığı deyilir. Ötən həftə Ali Məhkəmənin Plenumunda Prezident Adminstrasiyasının şöbə müdiri Fuad Ələsgərov dedi ki, son illərin statistikasına görə, cinayət məsuliyyətinə cəlb edilən, məhkum olunan şəxslərin ümumi sayının orta hesabla 7 faizini dələduzluq cinayəti törədənlər təşkil edir. Sizcə, insanları dələduzluq etməyə nə vadar edir?

-Həqiqətən də ölkəmizdə dələduzluq halları çoxalıb, baş alıb gedir. Bunun səbəbləri iqtisadi çətinliklər, bəzi insanların əziyyət çəkmədən gəlir əldə edərək varlanmaq istəmələri ilə bağlıdır. Bir də görürsən ki, 10-15 ilin dostu adama qarşı dələduzluq edir. Öncə özünə qarşı inam yaradır, sonradan məlum olur ki, səni aldadıb. Əsas problem də ondan ibarətdir ki, vətəndaşlar hüquqi məsləhət almamış belə bir işə qol qoyurlar. Ən çox aldanılma halları özünü işədüzəlmə, torpaq və MTK məsələlərində göstərir. Bir də xəbər tuturlar ki, bir mənzil bir neçə nəfərə satılıb. Təbii ki, burada qanunvericiliyin də bəzi qüsurları mövcuddur. Misal üçün qeyd edə bilərikl ki, MTK ilə bağlı məsələlərdə qanunvericiliyin qüsurları var. Belə ki, bina tam tikilib təhvil verilməyənə qədər dövlət qeydiyyatına düşmədiyindən mənzillərin satışına nəzarət etmək mümkün olmur. Belə olan halda eyni bir mənzil heç bir problem yaranmadan bir neçə şəxsə satıla bilir. Qanunvericilikdə bununla bağlı müvafiq dəyişikliklər etməklə dələduzluğun qarşısını xeyli almaq mümkündür.

-Dələduzlar adətən bəzi məmurların, yüksək vəzifəli şəxslərin adından istifadə edir. Hansısa dələduzun yalan ifadəsi əsasında bəzən normal adamlara da şər atır, dələduz adlandırır və həbs edirlər...

-Əminliklə deyə bilərəm ki, bu gün məhkəmələrimizdə kifayət qədər savadlı, nüfuzlu hakimlər var. Lakin təəssüf ki, hakimlər özləri sərbəst surətdə, müstəqil qərarlar qəbul edə bilmirlər. Belə ki, qərar qəbul etməmişdən qabaq hakimlər sədrlərə məruzə etməli olurlar. Gələcəkdə qəbul edilən qərarla bağlı hansısa problem yaranarsa, məruzə etdikləri şəxsi deyil, qərara imza atan hakimin özü cəzalandırılır, işdən çıxarılır. Hakimlər işdə qalmaq xatirinə müxtəlif təsirlərə dözmək məcburiyyətində qalırlar. Rayon məhkəmələrinin birində belə bir halla bir dəfə hətta özüm də rastlaşmışdım. Təsəvvür edin ki, hakim boşanma işinə görə məhkəmə sədrinə məruzə etmədiyinə görə sədr onu cəzalandırmaq istəyirdi. O da telefonda dedi ki, cənab sədr, mən boşanmanı da məruzə etməliyəmmi. İnanın ki, indiki halda boşanmanı da məruzə edirlər. Məhkəmə sistemindən razıyam, amma kaş ki, hakimlər özləri müstəqil qərar çıxara biləydilər.

Bir müddət əvvəl mən sabiq hakim Həsən Əliyevlə bağlı hökmü oxudum. Bu sözün əsl mənasında biabırçılıqdır. Həmin cinayət işi üzrə ittiham aktı hökmdən qat-qat yaxşı idi. Hökmün əvvəli ilə axırı düz gəlmir. Uzun müddət məhkəmə istintaqı aparılıb. Hakimlər isə məhkəmə istintaqı zamanı üzə çıxan faktlara məhəl qoymadan zərərçəkmiş tərəfin gətirdiyi şahidin “pul mənbəyi” ilə bağlı ifadəsinə istinad edib əsassız hökm çıxarıblar. Cəmisi bir həftədən sonra Məhkəmə-Hüquq Şurasında həmin cinayət işinə sədrlik edən hakimə töhmət verildi. Düzdür, bu, Həsən Əliyevin işi ilə bağlı deyildı. Bu, da bir daha onu göstərir ki, hakimlər nə qədər sözə baxsa da nəticədə onlar lazım olanda cəzalandırılacaq. Həmin cinayət işi üzrə məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar Həsən Əliyevin təqsirsizliyini sübut etməklə ədalətli, yəni bəraət hökmü çıxarmağa imkan verirdi. Lakin hakimə verilən göstəriş elə oldu ki, onun özü də çaş-baş qaldı.

-Bəzən vəkillərin özünün də hüquqlarının qorunmasına ehtiyac duyulur. Yəni məhkəmə qarşısında dayanmalı olurlar. Amma bu dəfə vəkil kimi yox...

-Biz keçmiş hakimləri, vəkilləri, prokurorluq işçilərini də müdafiə etmişik. Hər kəs bilməlidir ki, o, bir gün məhkəmə sistemində olan bəzi çatışmazlıqların qurbanı ola bilər. Heç kim heç nədən sığortalanmayıb.

-Siz “kredit oliqarxları”nın hüquqlarının müdafiəsinə başlayanda cəmiyyətdə belə fikirlər səsləndi ki, bu, şəxsi tanışlıqdan irəli gəlir. Doğrudanmı belə idi?

-Xeyr. Əlbəttə, heç vaxt təsadüfən yanıma gələn olmayıb. Müdafiə etdiyim bir neçə nəfərlə şəxsi tanışlığımız var. Müştərilərimin 20 faizi əvvəllər hüquqi yardım göstərdiyim şəxslərin ya qohumları, ya da tanışları olur. Tanınmış vəkillərin əksəriyyəti bu cür işləyir. Necə deyərlər, müştəri müştəri gətirir. Vəkillikdə ən əsas məsələ odur ki, işə vicdanla yanaşasan. 

-Bu gün vəkillər vəkillik gəlirləri ilə dolana bilirlərmi?

-Əminliklə deyə bilərəm ki, bəli. İşinə vicdanla, biliklə, professional yanaşan vəkil əlbəttə, rahat şəkildə dolana bilər.

-Vəkillik fəaliyyəti dövründə kimlərisə müdafiə etdiyinizə görə hər hansı bir təzyiqlə üzləşmisinizmi?

-Mən artıq 23 ildir vəkil işləyirəm. Bu illər ərzində cürbəcür ağır, ictimaiyyətdə maraq doğuran işlərə çıxmışam. Bir çox yüksək vəzifəli, cəmiyyətdə kifayət qədər tanınmış, nüfuzlu şəxslərin hüquqlarını müdafiə etmişəm. Mənə indiyə qədər heç bir təzyiq olmayıb. Belə hallarla qarşılaşmamışam. Amma “kredit oliqarxları” ilə bağlı məsələlərdə vəkillərin üzləşdiyi problemlər var. Ancaq bunu təzyiq kimi qiymətləndirmək olmaz. Məsələ burasındadır ki, müvəkkilimizlə görüşməyimizə əngəllər yaranır. Bu işi elə qurublar ki, guya bir vəkil iki şəxsi müdafiə edə bilməz. Mən Adil Hüseynovu müdafiə edirəm. Adil Hüseynovun Nizami Piriyevlə nə əlaqəsi var? Müstəntiq deyir ki, bunlara eyni yerdən kredit verilib. Adil Hüseynova göstəriş verən Beynəlxalq Bankın rəhbərliyi olub. Hansı rəhbər tutulub, kimə ittiham irəli sürülüb? Cinayət-Prosessual Məcəlləsinə əsasən, o zaman iki şəxsin eyni anda vəkili olmaq olmaz ki, həmin şəxslərin mənafeləri arasında ziddiyyət olsun. Adil Hüseynov və Nizami Piriyevin mənafeləri arasında heç bir ziddiyyət mövcud deyil. Həmçinin bəzən görürsən, müdafiə etdiyin şəxslərə hədə-qorxu gəlirlər ki, vəkildən imtina edin. Hətta bir dəfə yanımda belə bir hal da olub.

-Kim olub?

-Ad çəkmək istəmirəm.../anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar